Biləsuvarda film kimi ci*nayət hadisəsi baş verib.
OLAY yazır ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisənin əsas qəhrəmanı 50 yaşlı fermer Tacəddin Əliyev və onun görüşə çağırdığı iki qadındır.
Tacəddin uzun illər kənd təsərrüfatı ilə məşğul olub, fermasında iri və xırda buynuzlu heyvanlar saxlayıb. Lakin yaz günlərinin birində baş verən hadisə onun həyatını tamamilə dəyişib.
Hadisədən əvvəl Tacəddin yaxın rayonlardan olan iki qadını fermaya çağırıb. Aygün və Səbinə (adlar dəyişdirilib-red) hərəsi bir quzu qarşılığında görüşə razılaşıblar.
Görüş günü fermanın həyətində açıq havada içki məclisi qurulub. Lakin qısa müddət sonra Səbinə çantasındakı boyunbağı və digər qiymətli əşyalarının yoxa çıxdığını deyib. Bu məsələ mübahisəyə səbəb olub.
İstintaq materiallarında yazır ki, Tacəddin əsəbiləşərək qadınlara müxtəlif nahiyələrindən zə*rbələr endirib, yüngül xə*sarət yetirib.
Baş verənlərə görə Aygünlə Səbinə fermanı tərk etmək istəsələr də, Tacəddin buna imkan verməyib. O, qadınların ikisini də fermaya salaraq qapını bağlayıb. Qaçmalarının qarşısını almaq üçün isə itlərdən silah kimi istifadə edib, onları zəncirdən azad edərək fermanın ətrafına buraxıb.
İtlərin dövrəyə aldığı zərərçəkmişlərdən birinin özündə saxlaya bildiyi telefonu onları xilas edib. Bir neçə saat sonra polis köməyə gəlib.
Aygünlə Səbinə məhkəmədə etiraf ediblər ki, iki quzu qarşılığında fermaya gediblər.
Biləsuvar Rayon Məhkəməsi fermeri iki nəfəri qanunsuz azadlıqdan məhrum etməkdə təqsirli bilib.
Hökmə əsasən, Tacəddinə azyaşlı uşaqlarına görə güzəşt tətbiq edilməklə 3 il həbs cəzası verilib.