Xalq artisti Aygün Kazımova ənənəsinə sadiq qalaraq bu il də ad günündə sevənlərinin qarşısına böyük və tam fərqli layihə ilə çıxıb.
OLAY yazır ki, Pop ulduz bu dəfə 38 illik musiqi fəaliyyətində zirvəyə qalxma hekayəsini göstərib. Kazımova həyatından bəhs edən “Etiraf” adlı mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.
Sözləri Nəriman Abbaszadə və İsmayıl Əsədov, musiqisi İsmayıl Əsədova məxsus olan mahnının ekran həlli məşhur türkiyəli rejissor Selim Akara həvalə edilib. Mahnının musiqi prodüseri Stefani Mgebrişvilidir.
Estrada ulduzu bəstəni Nikoloz Raçveli və Gürcüstan Filormoniya Orkestrının müşayiəti ilə oxuyub. Orkestrda 70-dən çox musiqiçi yer alıb.
Türkiyədə lentə alınan klip üzərində 150 nəfərdən çox insanın yer aldığı komanda çalışıb. Aylarla davam edən hazırlıqlardan sonra ekran işi tək bir dubla lentə alınıb. Çəkilişdə Hollivud filmlərində istifadə edilən texniki vasitələrin yer aldığı şirkətlə çalışılıb.
“Etiraf” tək klip yox, Kazımovanın həyatını əks etdirən qısa filmdir. Bəstə sırf A.Kazımova üçün yazılıb. Müğənni burada həyatını, musiqi karyerasında zirvəyə gedən yolda yaşadıqlarını, uğurlarını və uğursuzluqlarını dilə gətirib.
“Həyatımın etirafı ilə qarşınızdayam” deyən Pop ulduz illərdir yığdığı təcrübəni, yaşadığı bütün çətinlikləri, ağrıları və zəfərləri musiqi vasitəsilə izah edib.
Aygün Kazımova bildirib ki, bu mahnını arzuladığı kimi təqdim etmək üçün illərdir gözləyir:
“Dünya ulduzlarının bu cür işlərini görürdüm, deyirdim, necə bacarıblar. Hər zaman belə bir iş təqdim etmək arzum olub. Bu ad günümdə ən böyük arzumu gerçəkləşdirdim. Rejissor Selim Akar mənə möhtəşəm iş təklif etdi. Təkcə mahnını həmin orkestrla yazmaq üçün neçə il gözlədim. Çünki növbəyə yazılmışdım. Bu layihə ilə mən çox arzumu gerçəkləşdirmiş oldum. Bioqrafiyamda bir yenilik idi. Mahnının sözlərini yazan Nəriman iş adamıdır. Onunla üçüncü işimizdir. Həyatımın etirafı, yaradıcılığımın mahnısıdır”.
Müğənni klip üçün eyni zamanda səhnə sənətləri rejissoru Uğur Baburhandan dərs alıb. Aygün Kazımovaya klip boyunca dəstək olanlar arasında modelyer Rüfət İsmayıl da yer alıb. Müğənni Hakan Akkayanın “New York Fashion Week” kolleksiyasından seçilən geyimlərdən istifadə edib.