“15 yaşımadək uşaq evində yaşadım. Bu illər ərzində atam arxamca gəlirdi, mən isə gizlənirdim. Görüşmək istəmirdim. Anam gələndə isə deyirdim ki, məni evə apar! 10 il qabaq atamın məzarını tapdım, ürəyimdə olan sözləri ona dedim. İndi yaşasaydı, onu yenə bağışlamazdım. Elə məqamlar var ki, onları bağışlamaq olmur”.
OLAY yazır ki, bu sözləri müğənni Bahar Lətifqızı “1 Dəqiqə” proqramına qonaq olarkən deyib. Sənətçi qeyd edib ki, bu günədək yaşadığı kədərli günlərinin səbəbkarı valideynləridir.
O, eyni zamanda atasının adını özünə ləqəb seçməsinin səbəbini də açıqlayıb:
“Çox sual verirlər ki, atanı sevmirsənsə, niyə adını özünə ləqəb götürmüsən? Çünki doğmalarımı, qan qohumlarımı tapmaq istəyirdim. Uşaq evindən qaçmışdım, atam yaşadığ evə getmişdim. Poçt qutusunu sındırmışdım, məktubları oxuyurdum. Birində bibim yazmışdı ki, Samirə (əsl adı) və Arif (qardaşı- red) haradadır? Əsas o bibimi axtarırdım. İndi tapmışam, onu çox sevirəm. Atamın da məzarını sadəcə olaraq tapmaq üçün axtarırdım. Qəbir daşını ona görə hazırlatdırdım ki, itib batmasın. Acı günlərimin günahkarı, səbəbkarı atamdır. Mənim kimi övlada yaxşı ata qismət olmalı idi”.