Olay
Olay

“Halqaları çıxarsalar, boyunları sına bilər” - Bu dəfə Taylandda

“Halqaları çıxarsalar, boyunları sına bilər” - Bu dəfə Taylandda

Taylandın şimalındakı dağlıq bölgədə Myanmar-Tayland sərhədi yaxınlığında yaşayan Karen Lonq Nek qəbiləsinin qadınları boyunlarına, qollarına və ayaqlarına taxdıqları halqalarla bütün dünyanın marağını çəkir.

OLAY yazır ki, blogerlər Tural Namazov və Elmira Namazova da maraqlarını cilovlaya bilməyib və bu qəbiləni ziyarət ediblər. Onlar bu barədə sosial media hesablarında videolar paylaşıblar.

Qeyd edək ki, Karen Lonq Nek və ya digər adları ilə Padonq qəbiləsi özlərini 3 qrupa ayırıb. Bəyaz, Qara və Qırmızı karenlər.

Ən çox tanınan karen qadınları – uzun boyunlu qırmızı karenlər 5 yaşından etibarən boyunlarına düyüdən düzəldilmiş iri halqaları keçirir, çiyinlərini və döş qəfəslərini deformasiya edərək boyunlarının uzun görünməsinə səbəb olurlar.

Əvvəllər Burmada yaşayan qəbilə 1980-1990-cı illərdə hərbi döyüşlər başlayanda torpaqlarını tərk edərək Taylanda gəlib. Qanuni yollarla gələnlər Taylandın Myanmar sərhəddindəki Ban May Nay Soy mühacir şəhərciyində yaşayırlar. Şəhərcikdən çıxmaqları qadağandır. Heç bir ölkənin vətəndaşı deyillər, heç bir qanuni haqları yoxdur. Taylanda girə bilmədikləri kimi, öz torpaqlarına da qayıda bilmirlər.

Dövlət mühacirlərin problemlərini həll edə bilməyəndən sonra onlara Ban May Nay Soyun yanında bir kənd yaratmaqlarına icazə verib. Az sayda mühacir də bu kəndə yerləşdirilib. Turistlərin şəhərciyi ziyarət etməyinə icazə olmasa da, bu kəndi gəzmək hüquqları var.

Karen kişiləri tarlada çalışır, qadınlar isə toxuculuq və oyma sənəti ilə məşğuldur.

Qadınlar böyüdükcə hər il boyunlarına taxdıqları halqaların sayı artır. Halqa sayının 30-dan çox olduğu zamanlar da olur.

Köhnələn halqanı dəyişdirmək və ya tibbi müdaxilə zamanı halqaları çıxarmaq mümkündür. Nadir görülən hadisə olsa da, halqalara görə boyun sinirlərinin zəiflədiyi vaxtlar da olur.

Turist Bələdçisi videoların birində Elmira Namazovaya bu barədə məlumat verərkən bəzi hallarda “Halqaları çıxarsalar, boyunları sına bilər” deyir.

Bu qəbilənin qadınları böyrü üstdə yatır və boyunlarını dik tuta bilmək üçün yastıq əvəzi kiçik bir taxtadan istifadə edirlər.

Bələdçi bildirib ki, əvvəllər halqaları taxmaq məcburi olsa da, indi hər kəs bunu öz istəyi ilə edir.

Onu da bildirək ki, bu qadınların boyun sümükləri normal insanlara nisbətən daha uzun olur.

Halqaların taxılması ilə bağlı üç əfsanə mövcuddur. Birinci əfsanəyə görə, karenlər əjdaha soyundan gəldiklərini düşünürlər, buna görə də, əjdaha kimi boynu uzun və gözəl görünmək üçün bu halqalardan istifadə edirlər.

İkinci əfsanəyə görə isə ruhlar aləmindəkilər karenlərə əsəbiləşib onları yeməsi üçün aslanlar göndərib. Onlar da yırtıcı heyvanlardan qorunmaq üçün belə halqalar taxırlar.

Digər əfsanə isə belədir ki, qəbilə davamlı olaraq bütün döyüşlərdə uğursuzluğa düçar olduğu üçün onların şahzadəsi halqaları boynuna taxıb və bildirib ki, karenlər müstəqil olmayınca, onları boynundan çıxarmayacaq.

Lonq Nek qadınları maraqlı etnik qrupdurlar. Əgər vaxtınız varsa, Ban May Nay Soy mühacir şəhərciyinin yanındakı kəndləri, vaxtınız azdırsa, turistlərin axın etdiyi kəndlərdən birini ziyarət edə bilərsiz.