Seks səhnələri, yanlış çəkilərsə, gülünc vəziyyətə düşülə bilən (“The Idol”) lakin düzgün çəkilərsə, həyatın ən sirli və intim anlarını əks etdirən çətin və mübahisəli bir sənət formasıdır. Belə səhnələrin çəkilişi üçün çox diqqət tələb olunur və müxtəlif səbəblərə görə son onillikdə ekranlarda bu cür səhnələr azalmaqdaydı. Ancaq, “Me Too” hərəkatının ardından 2017-ci ildən etibarən səhnələrdə intim koordinatorların rolu artırıldı və bu yeni dövrdə “Normal People”, “Bridgerton” və “Sex Education” kimi seriallarda yenidən nisbətən inandırıcı və təsirli intim səhnələr ortaya çıxdı.
OLAY yazır ki, British GQ belə səhnələrin çəkiliş prosesini daha yaxşı anlamaq üçün biz “Bridgerton” serialında Dafne və Simonun ilk seks səhnəsini çəkən rejissor Şiri Folkson və intim səhnələr üzrə koordinator Lizzi Telbot, həmçinin “Normal People”, “It”s A Sin” və “I May Destroy You” kimi əsərlərdə çalışmış qabaqcıl intim koordinator Ita Obraynla söhbət edib.
Seks səhnəsi necə planlaşdırılır?
Obraynın ideal ssenarisinə görə, intim səhnə koordinatoru, döyüş xoreoqrafı və ya təhlükəli səhnə koordinatoru kimi ssenarinin ilk oxunuşundan çəkilişlərdə iştirak etməlidir.
“Əgər başlanğıcdan orada olsaq, intim məzmunu təmiz şəkildə bölüşə bilərik və bu, aktyorlarda inam yaradır”, - deyə, Obrayn bildirir.
Rollar təsdiqləndikdən sonra rejissor Folkson aktyorlara və intim koordinatora səhnədə nəyi çatdırmaq istədiyini, səhnənin necə görünməli olduğunu izah edir:
“Razılaşdıqdan sonra, intim koordinator bu razılaşmaları yazılı şəkildə qeyd edir”.
Obrayn isə “Bizim rolumuz aktyor-rejissor prosesini dəstəkləməkdir”, - deyə, əlavə edir. Koordinator aktyorlardan hansı hissələrini göstərməkdən məmnun olub-olmadıqlarını soruşur və sonra səhnənin xoreoqrafiyası planlaşdırılır. İntim koordinatoru həmçinin kostyum dizaynerləri, yer müfəttişləri və lazım gəldikdə tibbi heyətlə sıx əməkdaşlıq edir.
Çəkiliş günü nələr baş verir?
Seks səhnələri həmişə qapalı çəkilişdə, yalnız aktyorlar, operator, rejissor və intim koordinatorun iştirakı ilə çəkilir. Obraynın izahına görə, “Nudizm səviyyəsi varsa, aktyorlar səhnəyə çıxmadan əvvəl üzərlərində olan xalatları çıxarır, sonra səhnə xoreoqrafiyası əsasında hərəkət edirlər”. Çəkilişdə yastıq və xüsusi örtüklərdən istifadə edilir ki, bu da aktyorların rahatlığını təmin edir.
Obrayn deyir ki, intim koordinator həmçinin aktyorların bədən dillərinə diqqət edir:
“Biri “hə” deyə bilər, amma bədəni bəlkə də tam razı deyil. Bu səbəbdən biz “hə” bir razılıqdır, “yox” isə yox, “bəlkə” isə hələ “yox”dur prinsipinə uyğun hərəkət edirik Həmçinin, aktyorların səhnəni istənilən an dayandıra bilmələri üçün təhlükəsizlik siqnalı verilir”.
Rejissor çəkilişi dayandırdıqda, heç kim hərəkət etmir və kostyum komandası dərhal aktyorların üzərinə xalatlarını geyindirir. Daha sonra işıqlandırma kimi lazımi dəyişikliklər edilir.
Folkson deyir ki, çəkiliş öncəsi aparılan müzakirələr və xoreoqrafiya aktyorlarda narahatlıq və gərginliyi azaldır:
“Uzun illərdir rejissorluq edirəm və əvvəllər bu cür qaydalar yox idi. Gəlirdik, söhbət edirdik və çəkirdik. Aktyorlar üçün də, mənim üçün də çox çətin idi”.
Seksdən sonra...
Çəkiliş planı yaxşı qurulubsa, aktyorlar seks səhnəsindən dərhal sonra başqa bir səhnə çəkməzlər. Obrayn deyir ki, səhnəyə daxil olmaq üçün etdiyimiz hazırlıq kimi, oradan çıxmaq üçün də vacibdir. Bəzən aktyorlarla “sarsıtma” kimi fiziki rahatlama texnikalarından istifadə edilir ki, bu da aktyorun obrazdan çıxaraq özünə qayıtmasına kömək edir.