“Mənə vəhşi və təhlükəli bir qadın olduğumu dedilər. Mən doğruları danışıram. Doğrular da vəhşi və təhlükəlidir”.
OLAY yazır ki, bu sözləri aparıcı Xoşqədəm Baxşəliyeva sosial media hesabında yazıb.
Ötən gün “Səni axtarıram”ın canlı yayımında gəlin Ağcabədi rayon sakini Məmmədova Əfsanə qayınanasını onunla hallanan Seymurun qətlə yetirdiyini etiraf etməsindən sonra verilişdə həbs olunmuşdu.
Aparıcı bununla bağlı İnstaqramda paylaşım edib:
“Bu gün bir daha qadın olmağın nə qədər ağır, çətin olduğunu anladım… Hər kəs səndən umur, gözləyir. Qadınsansa dürüst, abırlı, sədaqətli, halal, sayqılı, etibarlı sən olmalısan! Bəs kişi?! O, kişidir, ona hər şey olar. Xəyanət də edər, oğurluq da. Haramçılıq, kürəyinə xəncəri də vura bilər, öz mənfəəti üçün səni də sata bilər çünki o kişidir! Ailə dağılırsa, qadındır günahkar, uşaq oxumursa, gələcəkdə avara olacaqsa yenə də günahkar anadır, qadındır! Uşaq tərbiyəlidirsə, atasına halaldır, məktəbi yaxşı bitirdisə, “bravo filankəsin oğluna”. Yəni, dostlar ailədə bir şey pisdirsə, günahkar qadındır, yaxşıdırsa, “bravo ataya”.
Nə deyim. Bu gün mənə yuxu yoxdur. Bütün əzablarımı, övladım üçün mücadiləmi, anamın “qadın susar, ailəsini dağıtmaz” nəsihətlərini düşündüm, ağladım və hələ də ağlayıram… Bəlkə də xoşbəxtəm, qızımın dərdini, acılarını görməyəcəm… Saat 02:17-di yuxum ərşə cəkilib… Yüksək, hamının duya biləcəyi bir səslə aglamaq istəyirəm, amma yan otaqda yatan əkizləri düşünürəm. Göz yaşlarım içimə axır, hər zaman olduğu kimi. Axı kimsə zəif olduğumu bilməməlidir. Axı mən qadınam, dözümlü olmalıyam”.