Olay
Olay

“Sən demə, insan geyiminə də diqqət göstərəndə sənətkarlığı yox olurmuş...”

“Sən demə, insan geyiminə də diqqət göstərəndə sənətkarlığı yox olurmuş...”

Türkiyəli müğənni Gülşen son zamanlar səhnə libaslarına görə yazılan tənqidlərə cavab verib.

OLAY yazır ki, sənətçi bununla bağlı sosial media hesabında böyük bir mətn paylaşıb:

“Bu libası çimərlikdə geyinərlər, amma səhnədə geyinməzlər. Bu libası səsi olmayan, mahnılarıyla gündəmə gəlməyənlər geyinər, amma sənətkar olan geyinməz. Bu libası əcnəbilər geyinər, amma bura Türkiyədir, bizimki geyinə bilməz. Yaxşı, deyək ki, geyindi, amma o rəqsi edə bilməz.

Evliliyi yolunda deyilsə, aldadılırsa, boşanırsa və ya yeni bir kişi axtarışındadırsa, geyinər, amma xoşbəxt evliliyi varsa, geyinməz.

Bura qədər yaxşı gəlmişdi, indi sərhədi keçdi...

İndi bütün o “amma”ların sonrasındakı cümlələrinizə cavab olaraq söyləmək istəyirəm ki, mən qadın bədənində dünyaya gəlmiş insanam. Adım Gülşendir.

26 ildir tək ayaq üstdə dayanıram və arı kimi işləyirəm. Heç kimə möhtac deyiləm, pop musiqisinə dəyər və yenilik qata bilmək üçün saysız-hesabsız mahnı yazmışam.

Təbii ki, bu uzun yolda heç nə mənə qızıl nimçədə təqdim edilməyib. Endiyim, qalxdığım, mübarizə apardığım, yaralandığım anlar da olub. Amma bu gün gəldiyim nöqtədə və hər zaman ehtiyacım olan gücü ancaq öz içimdə tapmışam. Daşdan-divardan olmadığımı, sadəcə bir insan olduğumu özümə tez-tez xatırladıram.

İş həyatımda həmişə zamanın ruhunu oxumağa inandım. Musiqimin, bədənimin, zehnimin, kəlmələrimin hər zaman azad olmasına çalışdım. Var olanla qane olmayıb yenilənməyə, dəyişikliyə açıq qalmağın işimi ən yaxşı şəkildə icra etməyim üçün ən önəmli ünsür olduğunu ağlımdan çıxarmadım.

Sən demə, insan performansına göstərdiyi qayğını, geyiminə də göstərəndə sənətkarlığı yox olurmuş... Vaz keçməyim istənilən şey daha az gözə batmaq, ya da daha çox yaxşı rəy almaq üçün özümü, bədənimi, dünya görüşümü yox etməyimdir? Yoxsa, əsla inanmadığım müəyyən etiketlərə ya da qaydalara itaət etməyim?!

Mən də bu sətirləri ona görə yazıram.

Libasa görə fərqli-fərqli “amma”larla sırf məni və sizdən olmayanları necə arxa plana ata bilərik deyə düşünərək çıxdığınız bu yolda əslində öz ayaqlarınıza, həmcinslərinizin və övladlarınızın ayaqlarına taxmağa çalışdığınız qandalların fərqindəsiz?

Bir gün bu sistemin sizi də boğmaqda olduğunun fərqində deyilsiz?

Bəli, mən bir ata-ananın qızı, bəli, bir kişinin həyat yoldaşı və bir körpənin anasıyam.

Atasının qızı, bir kişinin arvadı, bir uşağın anası olmaqdan öncə mən ağlı və düşünmə qabiliyyəti olan azad iradəyə sahib bir insanam”.