Olay
Olay

Samirdən evlilik açıqlaması - Video

Samirdən evlilik açıqlaması - Video

Avroviziya təmsilçimiz Samir Cavadzadə uzun müddət sonra yeni layihələri, şəxsi həyatı ilə bağlı OLAY-a danışıb.

Sənətçi ad günündə kameramızın qarşısına keçərək bizimlə həmsöhbət olub. Dostlarından bəhs edən Samir özünü xoşbəxt saydığını bildirib:

“Xoşbəxt insanam ki, məni əsl musiqiçilər, ifaçılar sevib, dəyər verirlər. Dostlarım bir-bir gəlir. Mən demişəm, 7-nin yarısı, saat 10-a işləyib yeni-yeni gəlirlər. Qətiyyən incimirəm. Çünki işdədirlər. Elə insanlar var ki, işdən çıxıb gəlirlər. Dəvət yolladığım dostlarım var, bəziləri Azərbaycanda deyil, bəziləri bütov məclis idarə edirlər. Ramazan yeni bitib, hamı işdə-gücdədir. Ona görə mən kiçik ad günü edirəm. Yubileyim də deyil. Gələn illərdə böyük ad günü edəcəyəm”.

Subay olan Cavadzadə qeyd edib ki, hələ ailə qurmaq barədə düşünmür:

“Hələ ki, evlilik düşünmürəm. Mahnılarımı, layihələrimi fikirləşirəm. Vaxtı gələndə siz hamıdan əvvəl biləcəksiniz”.

Yeni təqdim etdiyi “De ona” klipindən söz açan ifaçı deyib ki, ekran işində özünü oynayıb: 

“Klip bir az estetik çəkilib. Daha çox özüməm, tamaşaçı məni çoxdandır görmür. Bir az məni çox görsünlər. Bir mahnını oxuyanda onu tamaşaçının öhdəsinə buraxıram. Zövqlər müxtəlifdir. Kimisinin xoşuna gələcək, kimisinin yox. Necə olduğunu tamaşaçı deyəcək”.

“Yenə uzun müddət ara verəcəksiniz” sualına gəlincə Samir bunları deyib:

“Yox, qarğış etməyin (gülür). Bizim bundan əlavə mahnılarımız var. İkisi artıq hazırdır, üçüncüsü hazırlanır. Birini bu yaxınlarda, biri yay aylarında təqdim olunacaq.  Mən mahnılar barədə “mız-mızayam”. O qədər üstündə çalşıram ki. Tamaşaçı məni tanıyıb ki, Samir Cavadzadə işini yola vermir. Mənim aranjimanlarımda mütləq yaxşı musiqiçilər olmalıdır. Kompüter səslərindən çox istifadə etmirəm, canlı musiqi olmalıdır. Bunlar da vaxt tələb edir. Oturub dinləyirəm, kəsib-doğrayıram. Tamaşaçının verdiyi dəyəri onlara ötürməliyəm. Onlar həmişə deyirlər, Samir az edir, saz edir, keyfiyyətli iş çıxarmağa çalışır. Qoyun, az olsun. Amma bundan sonra az olmayacaq. mahnılarımız çoxdur. Maşallah, bəstəkarlarımız gözəl-gözəl mahnılar bəstələyir. Buradan demək istəyirəm ki, əziz bəstəkarlar, lirik mahnılar çoxdur. Bir az əyləncəli mahnılar göndərin. Hansı ki, tamaşaçının yaddaşında tez qalsın. Az sözlü olsun. Ay günəş oradan çıxdı, ay buradan vurdu, mən ağladım və sairə olmasın”.

Sonda duetlərdən və Avroviziyadan danışan müğənni bu fikirləri səsləndirib: 

“Duetlər də olacaq. Bir müddət duet ifa etmirdim. Amma fikrimiz var ki, bundan sonra olsun. Tamaşaçılar duetləri sevir. Elə çox duet ifam yoxdur. Üç duetim var. “Day after day”, “Deyin ona” duetlərim var, bir də Samir Piriyev, Lalə Məmmədova və mən “Dua” mahnısını oxumuşduq. Hər kəs düşünür ki, Samir eqoistdi, oxumaq istəmir. Bu, belə deyil, əsla. Duet oxuyacam. Avroviziyada hər il mövqe dəyişir. Tamaşaçının zövqü də dəyişə bilər. Nə isə yenilik gözləyirlər. Tamaşaçı seçilməyi, heç kimə oxşamamağı, qeyri-adi kostyumlarla çıxışı sevir. Düzdür, sadə kostyumlarla çıxıb yaxşı yerlər tutanlar, hətta qalib olanlar olub. Amma son illər fikir verirsiniz, tamaşaçıya qeyri-adilik maraqlıdır. Bu, Avropadır”.

Video: Soltan İbrahimov