Şəhidlər Xiyabanını ziyarət edən türk müğənni Sibel Can jurnalistlərin suallarını cavablandırıb.
OLAY yazır ki, sənətçinin Bakıya gəlmə səbəbininin dostu, iş xanımı Ruhiyyə Əliyeva olduğunu deyib. Müğənni söyləyib ki, hazırda paytaxtda qonaqdır:
“Dəyərli dostumu ziyarət etmək üçün Bakıdayam. Gəlişimiz bu qədər özəl, unudulmaz günə təsadüf edəndə rəfiqəm Ruhi düşündü ki, mütləq ziyarət etməliyik. Daha əvvəl də belə bir ziyarət etmişdik. Bakıya gələndə həmişə belə ziyarətlərim olsun istəyirəm. Əsasən, konsertlərdən bir gün əvvəl gəlməyə fürsət axtarıram. Heç bir vaxt unudulmayacaq acılardır. Hamısının məkanı cənnətdir. Əbədi acıdır. Əslində, dərd hər gün böyüyür. Bir az əvvəl bir nəfər gördüm, qucağında körpəsi ilə gəlmişdi. Mütləq ki, şəhidlərdən birinin nəvəsi, yaxını idi. Onu görəndə içim parçalandı. Heç vaxt qan tökülməsin, dünyada savaşlar olmasın. Bunları deyirik. Heç bir vaxt unudulmayacaqlar, unudulmaqlarına icazə verməyəcəyik”.
“Liatris Holdinq”in rəhbəri Ruhiyyə Əliyeva isə söyləyib ki, şəhidlərimizi ziyarət hər birimizin borcudur:
“Bu gün buraya gəlmək borcumuz idi. Sibel xanıma deyəndə gözləri dolaraq bildirdi ki, təbii ki, oraya getmək istəyirəm. Azərbaycanın müstəqilliyi uğrunda şəhadə ucalan ilk şəhidlərimizdir. Bizim üçün çox dəyərlidirlər, başımızın tacıdırlar. Millət olaraq borcluyuq, hər zaman ziyarət etməli, nəsildən-nəsilə keçirməliyik. Bu şəhidlərimiz ayağı yalın, başı acıq, topsuz-tüfəngsiz cəlladların qarşısına çıxdılar, canlarını fəda etdilər. Azərbaycanın bütövlüyü, müstəqilliyi uğrunda canından keçən şəhidlərimizdir. Heç bir zaman unudulmayacaqlar. Bizim də daim xatirələrini yad etmək borcumuzdur. Görürsüz ki, bu gün nə gözəl hava var. Hər zaman 20 yanvar günü belə hava olmayıb. Həmişə qar-çovğun olub. İndi şəhidlərimizin ruhu şaddır. Çünki Azərbaycan bütövdür, cəllad əlində olan torpaqlarımız azaddır, şəhidlərimizin də ruhları şaddır. Bunun üçün də həm ordumuza, həm də Prezidentimiz İlham Əliyevə təşəkkür edirik”.
Fotolar/Video: Soltan İbrahimli