Olay
Olay

“Bu, mənim həyatımdır, ailəmizin faciəsidir” – Sevda Ələkbərzadə

“Bu, mənim həyatımdır, ailəmizin faciəsidir” – Sevda Ələkbərzadə

Əməkdar artist Sevda Ələkbərzadə illər sonra atası, yazıçı Çingiz Ələkbərzadənin sözlərini yazdığı “Ölü qatarlar” adlı mahnını ifa edib.

OLAY yazır ki, “Space” TV-də yayımlanan “Oxunmayan nəğmələr” adlı proqram üçün hazırlanan mahnının bəstəsi isə Rəşid Nəsiboğluna aiddir.

“Bu adi mahnı deyil, soundtrek kimidir, ruh halıdır. Burada əsas məqsəd sözü çatdırmaqdır. Mahnını mənə 15 il öncə göndərmişdilər ki, ifa et. O vaxtı dinlədim, düşündüm ki, mən neyləyə bilərəm ki? Bəzi şeylər insana yaşa dolduqca çatır. Qaldı, sanki mahnını unutdum. İllər sonra mahnını eşidəndə məndə qəribə hisslər yarandı. Bu dəfə onu eşitdim, mahnı mənim üçün indi püxtələşib. İllər sonra mahnı gəlib yenidən məni tapdı. Bu şeiri atam tez-tez oxuyardı, ağlıma gəlməzdi ki, illər sonra bu şeir mənim ifamda ola bilər. Çox təsirləndim. Mənim qədər bunu hiss edən başqa biri olmazdı. Çünki bu həyatı yaşamışam. Bu, mənim həyatımdır, ailəmizin faciəsidir. Hiss edərək, canımdan keçərək ifa etmişəm. Düşünürəm ki, bu iş qalıcı olacaq. İfamı atamın 85 illiyinə həsr edirəm”, - deyə, S.Ələkbərzadə bildirib.

Qeyd edək ki, Çingiz Ələkbərzadə durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilib. Sonra bəraət alaraq bədii yaradıcılıqla məşğul olub. Bu şeiri həbsdə olarkən yazıb, onunla birgə həbsdə olan bəstəkar Rəşad Nəsiboğlu isə sözlərə musiqi bəstələyib. Mahnının aranjımanını Muxtar Abseynov edib.