Aktyor İbrahim Çingiz Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kitabının üz qabığında yer almasından danışıb.
Sənətçi bu barədə “Pərvizə görə” podkast layihəsində söz açıb. O bildirib ki, Akademik Milli Rus Dram Teatrında həmkarı Olqa Arsentyeva ilə yer aldıqları “Yuxularımdan çıx” tamaşasının posteri kitabın üz qabığı olub:
“Dostlarım mənə göndərib, gördüm ki, kitabın üz qabığında şəklim var. Deyirəm ki, bu, necə ola bilər? İnsanın üzündən belə istifadə etmək olar? Aləm dəyib bir-birinə. Kitab səhifələrinıə yazırıq. Dedilər ki, yazıçı Anar sizinlə görüşmək istəyir. Soruşdum ki, niyə simamdan belə istifadə edirsiz? Cavab verdilər ki, biz bilmirik, Anar bəy özü seçib. Getdik yanına, dedi ki, aləmi niyə bir-birinə qatmısınız? Şəkli özüm seçmişəm, mən də fikirləşirəm ki, bu tamaşa posteridir, kitabda niyə istifadə olunsun? Kitabdan bizə faiz gələcək, ya yox. Dedi ki, yaddaşımda qalan ən yaxşı “Təhminə və Zaur”sunuz, ona görə sizi seçdim. Dedim, bu, mənim üçün kitabın faizi kimidir. Özündən də soruşdum, dedim, hər yerdə deyə bilərəm ki, biz ən yaxşı “Təhminə və Zaur”uq? Dedi, bəli!”.
Qeyd edək ki, “Təhminə” filmində Zauru Xalq artisti Fəxrəddin Manafov, Təhminəni isə türk aktrisa Meral Konrat canlandırıb.