Stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovadan küsmə səbəbini açıqlayıb.
OLAY yazır ki, o, illər əvvəl müğənninin onunla bağlı efirdə təhqiramiz ifadə səsləndirdiyini bildirib.
Həmçinin estrada ulduzunun onun haqda yaxın dostlarına xoşagəlməz ifadələr söylədiyini deyən Anar Kazımovanın səsyazısını yayıb:
“Məni məcbur elədiniz ki, təhqirin nə olduğunu sizə sübutla göstərim! İllər öncə ATV kanalında yayımlanan “Xeyir ola” verilişində canlı yayımda məni təhqir edib, ələ sala-sala “Kosoy Anar” deyib. Önəm vermədim. Lakin yenə də anlayıram ki, hər bir insana yerində cavabını vermək lazımdır. Mən susduqca, elə bilir ki, həmişə susacağam. Və illər keçir, bu, davam edir. Dosta, tanışa haqqımda təhqiredici səsli mesajlar, fikirlər söyləyir. Nə vaxta qədər susacağam?! Öz aləmində mənə ləqǝb qoyub - “Kosoy”. Mənim xarici ölkələrdə tanınmağım nədənsə onu narahat edir. Bu gün gördüyünüz video-müsahibə məhz bu səsli mesaja cavab idi. Özü xarici ulduzla duet oxumaq üçün milyonlar ödəməsinə baxmayaraq, yalan məlumat yayır ki, guya mən dünya ulduzları ilə işləmək üçün ödəniş edirəm. Halbuki hər şey əksinədir. Çox səbr etdim, görürəm alınmır. Məni çox yaxşı tanıyırsız ki, atalar sözləri ilə yaşayıram: “Döymə taxta qapımı, döyərəm dəmir darvazanı!”.
Anlamıram, həmin o xanım mənə nə verib ki, ala bilmir? Yollarımız, sənətimiz fərqlidir. Çərçivəsindən çıxıb, öz işinin peşəkarı olub və təlabatlı olmaq hər adamın işi deyil! Bu hələ əlimdə olan sübutların 0,001 faizidir. İndi anladınızmı mən boş-boş, durduğum yerdə fikir söyləmədim? Şükür Allaha ki mənimlə işləmək üçün pul ödəyirlər. Bununla da məsələ bağlandı. Nəsə danışmaq istəmirəm. Bir problem olmadığı halda məni efirdən təhqir edib. Səhərə qədər valideynim ona görə ağlayıb. Üstündən illər keçib, yollarımız ayrıdır. Yenə də ona-buna üç-dörd ay əvvəl, keçən il, ondan əvvəlki il belə mesajlar göndərir. Mən bunu qəbul etmirəm. Heç kimin ixtiyarı yoxdur ki, kimisə təhqir etsin.
Həmin şərhi durduğum yerdə bildirmədim. Bir az da mənim hiss etdiklərimi yaşasın. Zamanında cavab verməməyimə səbəb gənc, gücsüz olmağım, bəlkə də sosial şəbəkələrin olmamağı idi. Bu da onun cavabı. Özündən 20 yaş balaca, fərqli sahədə olan insana qarşı dayandığı yerdə belə mesajlar atır. Şəxsən mənə göndərməyib. Onda o güc yoxdur. Başqasına göndərib, gəldi mənə çatdı. Fəxri ad daşıyan xanıma bu cür danışıq tərzi yaraşırmı?”.
Qalmaqal barədə Aygün Kazımovanın meneceri Ruslan Ağayev instaqramda açıqlama yayıb:
“Aygün Kazımova Azərbaycan estradasının tarixidir. O, canlı bir əfsanədir! Hər zaman zövq formalaşdıran, dəb diktə edən qadın. Onu təkrarlayan qadınların sayı hesabı olmayıb, hələ “kişiləri” demirəm. Səhnədəki bütün inqilabların banisidir. Bu illər ərzində heç bir hadisələr, qalmaqallar, qruplaşmalar, satılıb alınanlar, beş qəpik dəyəri olmayanlar onu ruhdan sala bilmədi. Bu gün yazılan sabah unudulur, amma kimin nə etdiyi yox. Ölkənin əsas ulduzu tezliklə yeni “Dəyməzmiş” adlı mahnısını təqdim etməyə hazırlaşır. Fanatlar, hazır olun yeni bir hit gəlir!”.