Xəbər verdiyimiz kimi, müğənni Ayan Babakişiyeva Nəsimi ərazisində yerləşən binanın qəzalı vəziyyətə düşməsindən şikayətçidir.
OLAY yazır ki, Tbilisi prospekti, Ənvər Hüseynov küçəsi 7-də yerləşən binanın parkinqinə su dolmasını və sakinlərin təhlükədə olmasını iddia edənlər az deyil. Belə ki, müğənninin meneceri saytımıza bildirdiyi məlumata görə, iki aydır problemlə maraqlanan yoxdur:
“Bu məsələ sakinləri, bizi də çox narahat edir. Bina əməlli-başlı təhlükəli vəziyyətə düşüb. Parkinq ərazisinə yığılan su ekspertizaya göndərilib. Məlum olub ki, bu, “Şollar” suyudur. Amma qrunt sularıdır deyirlər. Əslində, məsələni çox yaysalar, buna bir əlac qılan olar. Hələ ki, gözləyirik. Tədbir görülməsə, çox güman köçüb gedəcəyik”.
Məsələ ilə əlaqədar Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, OLAY-a bildirib ki, məsələdən xəbərdardırlar və qurumun əməkdaşları hadisə yerinə göndərilib.
Anar Cəbrayıllı onu da qeyd edib ki, problem nədirsə, araşdırılacaq.
Nigar Namiq