Məşhur influenser cütlük Fatimə Əhmədova və Ülvi Nadiroğlu sosial şəbəkələrdə tənqid olunub.
Buna səbəb isə düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızla bağlı xəbər yayıldıqdan sonra onların sahibi olduqları restoranda əyləncənin davam etməsi iddiası olub.
OLAY yazır ki, bu barədə cütlük instaqram səhifəsində paylaşım edib. Onlar haqlarında yazılanların və yayılan videonun həqiqəti əks etdirmədiyini bildiriblər:
“İllərdir şəhid verdiyimiz zaman restoranda canlı musiqi səslənməyib. Ötən aylarda Türkiyədəki zəlzələ zamanı da qardaşlarımızın acısını paylaşıb, musiqini dayandırmışıq. İndi öz ölkəmizdə yas olan gün belə bir şey edərik? Heç vaxt! Xəbəri eşitdiyimiz anda canlı musiqi dayandırılıb. Bu, hər zaman belə olub, olacaq da! Kaş, biz və bizim kimi influenserlərin şəhid övladlarına dəstəyini, xeyriyyə işlərini, ölkəmizi təmsil etməyimizi, apardığımız informasiya müharibəsini, neçə-neçə yardıma ehtiyacı olan insanlar üçün saatlarla canlı yayım açıb qəpik-qəpik pul yığmağımızı paylaşardız. Bu cür böhtanları yaymaqdansa... Çox heyif ki, bu pis gündə bir olmaq əvəzinə, özümüz özümüzlə müharibə edirik”.