Olay
Olay

6 il sonra bir araya gəldilər!

6 il sonra bir araya gəldilər!

Azərbaycanın ilk mistik janrda çəkilən filmi “Xənnas”ın 6 il sonra yenidən qala gecəsi keçirilib.

Tədbirdə filmin baş obrazları Zemfira Əbdülsəmədova, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Türkay Cəfərli, Zarina Qurbanova yer alıb.

2017-ci ildə təqdim edilən filmin kinoteatrlarda yenidən yayımlanması barədə rejissor və ssenarist Elvin Abdulla OLAY-a danışıb:

“Film çox keyfiyyətlidir. Heç bir onlayn platformada yayımlanmayıb və “Xənnas” A kateqoriyalı beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edib. 2017-ci ildə “Azərbaycanda ən yaxşı kinoteatr filmi” mükafatına layiq görülüb. Filmimizdə çəkilən aktyorlar hazırda ölkənin ən çox tanınan və ən çox axtarılan kast heyətidir. İndi onlar 6 il öncədən daha çox tanınırlar.

İnsanlar dayanmadan yazırdılar ki, biz “Xənnas”ı necə izləyə bilərik? Çoxsayılı istəkləri nəzərə alıb filmin yenidən nümayiş etdirilməsinə qərar verdik”.

Rejissor filmə çəkilən aktyorların indi daha çox tanınmasını nəzərə alaraq Hikmət Rəhimovun təqdimata gəlməməsinə iradını bildirib:

“Bizim əsas obrazımızı dəvət edə bilmədim. O adamla heç cür əlaqə saxlaya bilmədim. Azər Aydəmir bağlı Naxçıvandadır, Qorqud Cəfər isə Türkiyədə yaşayır. Bu aktyorlar mən onları çəkəndə tanınmış deyildi və onların tanınmağında bu filmin də rolu var. Ona görə də onlar burada olmalı idilər. İncimək deməyək amma o, (Hikmət Rəhimov - red.) burada deyil!”.

Aktrisa Pərvin Abıyeva film haqda fikirlərini belə ifadə edib:

“Mən və heyətdən bəziləri bu film bitəndən sonra özümüzə söyüş qoyduq və and içdik ki, uzun illər Şəkiyə getməyək. Çox ağır çəkiliş proseslərimiz var idi, axşam 6-dan səhər 6-ya kimi çəkiliş gedirdi. Şəkidə bir az mistik şəhərdir, axşam duman çökürdü. Çəkilişlər iki ay çəkdi, bizim üçün iki ilə bərabər idi. Yuxusuz, əziyyətli günlər idi. Bu gün ikinci dəfə kinoteatrlarda olmağımız əziyyətimizin bəhrəsidir. Yaxşı ki, varıq!”.

Zarina Qurbanova aktrisalığının zəif olduğunu düşünüb:

“O vaxt bu filmə baxanda azdan-çoxdan özümüzü bəyənmişdik. Bayaqdan məni dərd götürüb ki, filmdən çıxana hansı emosiyalarla çıxacağıq? Nə olacaqsa, cavanlığımıza bağışlayın. Orada uşaq idik”.

Zemfira Əbdülsəmədova isə qala gecəsində bu fikirləri söyləyib:

“Mən bir yaşlı nəslin nümayəndəsi kimi uşaqlara uğur arzu edirəm. İstedad və zəhmət - hər şeyin nəticəsi gözəl olmalıdır. Uğurlar!”.

Filmdə dindar gənci canlandıran Türkay Cəfərli çəkilişlər zamanı qorxduğunu dilə gətirib:

6 il öncəki kimi həyəcanlıyam. Kim baxmaq istəyir, gəlib baxıb zövq alsın. Çünki Azərbaycanda dinin qorxu üzərində qələbəsini əks etdirən filmdir. İnsanların zövqüncə olan və film sektoruna töhvə verəcək filmdir. Çünki burada iş, keyfiyyət və aktyor oyunu var. Çəkiliş ərəfəsində çəndə qorxu var idi. Yalan deməyəcəyəm, amma spontan nəsə olurdu. Dində belə bir şey var ki, cinlərlə bağlı nəsə edirsənsə, istər-istəməz onlar səni narahat edir. Təbii ki, çox qorxmadıq, qalib gəldik. Əsas niyyətimiz film çəkmək və mesaj ötürmək idi. Məncə, alındı”.

Qeyd edək ki, filmin büdcəsinin 200 min manat olduğu bildirilmişdi.

Kəmalə Bədəlova

FOTO: Hüseyn Həsənov