“Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin final bölümündə qonaq qismində çıxış edən “Dərviş band” qrupu sosial şəbəkədə viral olub.
OLAY yazır ki, onlar sözləri Məmməd Araza aid, Xalq artisti Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısını fərqli aranjimanda ifa ediblər.
Müsabiqədən sonra sözügedən qrupun çıxışı ən çox paylaşılan videolar arasında yer alaraq, gündəm olub.
Qrupun solisti Nərmin Behbudova təəssüratlarını OLAY-a danışıb.
“Qrup şəklində Bakının bir çox məkanlarında çıxış edirik. Və həmin mahnını bəzi restoranlarda ifa etmişdik. Dinləyicilər, oraya gələn qonaqlar tərəfindən çox bəyənilmişdi. Və bu mahnını yazdırmaq qərarına gəldik. Niyaməddin müəllimlə əlaqə saxladıq. Çünki onun icazəsi və halallığını almaq istəyirdik. Onun reaksiyası əla oldu. Biz onu qonaq kimi dəvət etdik, tanış olduq, mahnını təqdim etdik. Daha sonra Niyaməddin müəllimlə studiyaya getdik. 7 apreldə Niyaməddin müəllimlə duet şəklində bu mahnı çıxacaq. “Səs Azərbaycan”dakı çıxışımızdan sonra bu ifanın trend olacağını həm gözləyirdik, həm də yox. Çünki nəyin tutub-tutmayacağını bilmək olmur. Elə oldu ki, İctimai televiziya tərəfindən bizə təklif gəldi ki, finalda çox istəyərdik ki, bu ifa ilə çıxış edəsiniz. Biz də məmnuniyyətlə qəbul etdik”, - deyə, Nərmin qeyd edib.