Olay
Olay

“Fatimə ilə barışdım, qardaşımın ruhu şad oldu”

“Fatimə ilə barışdım, qardaşımın ruhu şad oldu”

Müğənni Xatun Əliyeva Xalq artisti Aygün Kazımovanın ad günü məclisində geyindiyi libasının Röya Ayxanın “Ağla” klipində istifadə etdiyi paltara bənzədilməsindən söz açıb.

OLAY-ın mikrofonu qarşısına keçən Xatun R. Ayxanla geyimlərinin tamamilə fərqli olduğunu vurğulayaraq, oxşarlıq görmədiyini bildirib:

“Modelyer geyindiyim paltarı mənim üçün hazırlayıb. Qətiyyən o model deyildi. Röya xanımla biz tamam başqa kilolarda olan insanlarıq. Mənim geyimim o qədər cəsarətli deyildi. Libasda elə parçalar var idi ki, qətiyyən bədən görünmürdü. Bizim geyimlərimiz tamamilə fərqlidir. Ona baxıb götürməmişik. Ola bilsin ki, rənglərini falan kimsə bənzədibsə, nə xoş mənim halıma”.

İfaçı daha sonra bir müddətdir küsülü olduğu rəqqasə Fatimə Fətəliyeva ilə barışmasından da danışıb. O, bu addımı atdıqları üçün mərhum qardaşı, stilist Balaşın da ruhunun şad olduğunu qeyd edib:

“Bu barışığı bütün xalqımız gördü. Bizim dəyərli sənətkarımız, mənim ayım-günəşim, divam verilişdə bizə o qədər pozitiv ötürdü ki, xoşbəxt idik. Əgər Aygün xanım oraya gələnləri özü seçmişdisə, demək ki, hamımız bir olmalı idik. Mən də Aygün xanımın sözünü hec zaman yerə salmaram. Yəqin ki, Fatimə xanımda da elə oldu. Mənim yaşadıqlarımı görmüsüz, həm də acı, həm sevincli günlər... Hər ikisində də Aygün xanım yanımda olub. Təsəvvür edin, o qədər acı yaşadım ki, bu küsülülüklər, müəyyən intriqalar o dərdin yanında cılız qalırdı. Rəhmətlik Balaş da Fatiməni çox sevirdi. Ona görə də , məncə, qardaşımın ruhu da şad oldu. Savabı Aygün xanıma yazıldı. Aygün xanımın ad günündə çoxlu barışıqlar oldu, Səidə Sultanla, Çinarə Əliyeva ilə, Nərmin Kərimbəyovayla...”.

Sənətçi bildirib ki, haqq dünyasında şou əhlinə görə sorğuya çəkilmək istəmir. Buna görə də müğənni münasibətlərini bu dünyada qaydasına salmaq niyyətində olduğunu vurğulayıb:

“Oğlumun toyu ərəfəsində məclisin gözəl keçməsi, mətbuatın, sayılıb-seçilən sənətkarların maddi-mənəvi yanımda olması – bu çox böyük bir sevinc, Allah tərəfindən mükafat idi. Ümumiyyətlə, insanın başına gələn hadisələr ya mükafat, ya cəzadır. Biz də həyatın hər üzünü görsək də, yaşamağa çalışırıq. Deməli, Allah bunu qismətimizə yazıb ki, haqq dünyasına getməmişdən öncə burada təmizlənək. O dünyada çox sorğu-suallar var. İstəmirəm ki, hansısa şou-biznes nümayəndələrinə görə qəbirdə də o mövzuları danışaq. Ona görə çalışıram ki, burada şou əhli ilə münasibətim gözəl olsun ki, qəbirdə heç olmasa rahat yatım. Oruc, zəkat, namaz, bunları edib də başqa cılız şeylərlə istəmirəm ki, o dünyada onlarla qarşılaşım. Bu dünyada olan münasibətləri elə burada da gözəl həll edək. Etdiyimiz zəkadlar, savablar, yaxşılıqlara qaldıqda isə, bunu bir Allah bilir, bir də sən”. 

Sonda ifaçı peşmanlığını dilə gətirib. Xatun ətrafına lazımsız insanlar topladığı üçün məyus olduğunu söyləyib:

“Sözün düzü, bu son hadisələrdən-karantin, müharibə, yaşadıqlarım, yaşa dolmağım... Özümü çalışıram ki, insan olaraq inkişaf etdirim və heç kimin xətrinə dəyməyim. Çalışdığım qədər... Hərdən saflığımdan istifadə edirlər. Bəziləri deyir ki, qəlbimdə insan sevgisi yoxdur, heyvanlara var. Deyirəm ki, insanın qəlbində mütləq insana sevgi olmalıdır. Sənin qəlbində insan sevgisi olanda heyvana da sevgin olacaq. Amma mən elələrini tanıyıram ki, insanları sevmirlər. İnsan insanı sevib, inanmalı, güvənməlidir. İstədiyin insanları ətrafına toplamalısan, mən çox yanılmışam... Rəhmətlik Balaşla biz lazım olan insanları ətrafımıza yığmamışıq. Həmişə lazımsızları toplamışıq, bax belə bir peşmanlıqlar hamımızda olur. Düşünürəm ki, o, mənim insanları tanımamağımdan irəli gəlir. Hər insana inanmışam. Düzdür inanmaq gözəldir, bu gün də inamsız yaşamaq istəmirəm...”.

Söhbətləşdi: Dilşad Bəhruzqızı

Video: Hüseyn Həsənov