Olay
Olay

Daha uzun yaşamağın sirri açıqlandı

Daha uzun yaşamağın sirri açıqlandı

Harvard Universitetinin tədqiqatçıları daha uzun yaşamağın sadə sirrini tapıb.

OLAY sözügedən araşdırmanı təqdim edir:

Universitetinin tədqiqatçıları kişilərin 5 il, qadınların isə 2 il daha çox yaşaya bilməsinin sirrini açıb. Belə ki, müvafiq olaraq, keyfiyyətli yuxu insan ömrünü bir neçə əlavə il artıra bilər.

Harvard Universiteti Tibb Fakültəsinin alimlərinin də daxil olduğu tədqiqat qrupu müntəzəm olaraq yaxşı yuxu alan kişilərin digərlərindən demək olar ki, 5 il daha çox yaşaya biləcəyini müəyyən edib. Qadınlar üçün bu rəqəm 2 il olaraq təyin olunub.

Komanda daha yaxşı yuxu vərdişləri olan yeniyetmələrin də erkən ölmə ehtimalının daha az olduğunu müəyyən edib.

İndependent-in xəbərinə görə, araşdırmada tək yuxunun miqdarının kifayət etmədiyi, vacib olanın yuxunun keyfiyyəti olduğu vurğulanıb.

Tədqiqatçılar keyfiyyətli yuxunu bu amillərə əsaslandırıblar:

Gecədə ideal 7-8 saat yuxunu tamamlamaq

Həftədə ən çox iki dəfə yuxuya getməkdə çətinlik çəkmək

Həftədə ən çox iki dəfə yuxunun pozulması, yarımçıq oyanmaq

Heç bir yuxu dərmanı istifadə etməmək

Tədqiqatda 2013-2018-ci illər arasında ABŞ-da Milli Sağlamlıq Müsahibə Sorğusunda iştirak edən vətəndaşların məlumatları təhlil edilib.

Sorğuya 54 faizi qadın olmaqla, orta yaş həddi 50 olan 172 min insan daxil edilib və onların ümumi sağlamlıq və yuxu vərdişləri haqqında məlumat verilib.

İştirakçılar orta hesabla 4,3 il izlənilib, bu müddət ərzində 8681 nəfər həyatını itirib. Bu ölümlərin 30 faizi ürək-damar xəstəlikləri, 24 faizi xərçəng, 46 faizi isə digər səbəblərdən olub. Bütün bu səbəblərdən ölümlərin təxminən 8 faizinin zəif yuxu rejimi ilə əlaqəli olduğu ortaya qoyulub.

Harvard Universitetinin klinik tədqiqatçısı Dr. Frank Qian “Düşünürəm ki, bu araşdırma müəyyən bir müddət yatmağın kifayət etmədiyini vurğulayır”, - deyə, bildirib.

“Həqiqətən rahat yatmalı və yuxuya getməkdə az çətinlik çəkməlisiniz”, - deyə, o, əlavə edib.