Arı
Arı

Şəkilsiz məşhurlar...

Şəkilsiz məşhurlar...

Məşhurlarımız var ki, hər həftə, hətta hər gün yeni fotolarını izləyiciləri ilə bölüşürlər. Kimisi tez-tez peşəkar fotoqraflara çəkilişlər etdirir, kimisi isə telefonla da kifayət qədər keyfiyyətli şəkillər çəkib səhifəsində yerləşdirir. Biz media nümayəndələri də haqlarında xəbər paylaşanda əziyyət çəkmədən, istədiyimiz fotonu seçirik. Amma... Bizim foto çəkdirməyi sevməyən populyar simalarımız da az deyil. Onların instaqram səhifələrinə nəzər yetirsəniz, ya yalnız video görəcəksiniz, ya da müxtəlif proqramlarla keyfiyyəti itmiş şəkillər.

Bu zaman xeyirdən-şərdən xəbərləri olanda biz köhnə fotoların ümidinə qalırıq. Ya “Yandex”dən axtarırıq, ya da səhifələrində ən aşağılara doğru enib bir-iki şəkil tapırıq.

Gəlin, bizim şəkilsiz məşhurlarımızı tanıyaq... OLAY xəbərlərinə foto tapılmayan şou nümayəndələrindən yazır...

Bu siyahının birinci yeri aparıcı Zaur Baxşəliyevə məxsusdur. Onun xanımı Günay Baxşəliyevlə birgə idarə etdiyi instaqram hesabında yalnız poza verdiyi fotosuna rast gəlmək qeyri-mümkündür. Ya verilişdə ekspertlərlə, ya Günayla, ya övladları ilə bir yerdədir. Digərləri ya canlı yayımlar, ya da videolardır. Səhifəni vərəqləyib arxivə düşəndə nümunə üçün bir-iki tək şəklini görmək olar. Onlar da illər əvvələ məxsusdur. Bu zaman məcbur qalıb onun “Yandex”dəki tək-tük keyfiyyətli şəkillərindən istifadə edirik. Məcburən yol verdiyimiz təkrar da oxucularımızı yora bilir. Bir sözlə, Zaur bəy, vaxt edib təkbaşınıza fotosessiya etdirsəz, bizi də sevindirərsiz...

Digər məşhur aparıcı Elgiz Əkbərin də keyfiyyətli fotosunu tapmaq çətin məsələdir. Onun da səhifəsində paylaşdığı xəbərə uyğun gələn bir-iki yeni şəkli var. Qalanları ya köhnədir, ya da keyfiyyətli deyil. Digər paylaşımlar isə verilişindən videolar, efirdən kənar lentə aldığı görüntülər, ya da Şəfiqə Nağıyeva, Kübra Əliyeva və Pərvanə Tahirqızı ilə çəkilən şəkilləridir. Onu da fotolarda tək görmək qeyri-mümkündür.

Xalq artisti Brilliant Dadaşova bir müddət əvvəl kamera qarşısına keçib bir-birindən fərqli fotolar çəkdirmişdi. Biz də uzun müddətdir həmin fotolardan istifadə edirik. Çünki Brilliant xanımın Elnur Həsənov imzalı stilindəki fotolarından sonrası gəlmədi. Səhifəsinə nəzər yetirsəz, onun ardınca keyfiyyətli fotolar görə bilmədik. Biz də ya həmin fotosessiyaya, ya da keçmişdəki şəkillərinə müraciət edirik.

Əməkdar artist Mətanət İsgəndərlinin də səhifəsində özünə məxsus keyfiyyətli foto az-az tapılır. Onun da paylaşımları ya videolardır, ya da FaceApp-lı keyfiyyəti itən şəkillər... Onun da yaxşı bir fotosessiyaya ehtiyacı var, yoxsa biz də iki-üç fotonu təkrar-təkrar sayta yerləşdirməli olacağıq.

Ən çətin şəkli tapılanlar siyahısında Əməkdar artistlər Rafael İskəndərov, Coşqun Rəhimov Tahir İmanov da var. R. İskəndərov instaqramda aktivləşdikdən sonra bir neçə dəfə yeni fotosunu izləyiciləri ilə bölüşüb.

Rəhimovla İmanovun isə ümumiyyətlə sosial şəbəkə hesabları yoxdur, varsa da, aktiv deyil. “Planet Parni iz Baku”nun səhifəsində Tahir bəyin videoları paylaşılsa da, fotoları yer almır. Eynilə “Bu şəhərdə” də C. Rəhimovun videolarını izləyicilərlə bölüşür. Xəbərlərdə onların illər öncə çəkilən fotolarından istifadə etməli oluruq...

Əməkdar artist Aybəniz Haşımova da Elnur Həsənovla işbirliyindən ərsəyə gələn fotolardan sonra yeni, keyfiyyətli görüntülərini paylaşmadı. Baxmayaraq ki, Aybəniz xanımın qızı Aynişan influenserdir, lakin biz onun başlıqları bəzəyəcək yeni şəkillərini görə bilmədik. Aybəniz xanım özü də həmin fotosessiyadan indi də istifadə edir.

Müğənni Mətanət Əsədova da ya foto yerləşdirmir, ya da keyfiyyəti itmiş şəkilləri izləyiciləri ilə bölüşür. Onun səhifəsində çox az şəkli tapılar ki, paylaşılmağa uyğun olsun.

Aktrisa Ülviyyə Əliyevanın instaqram səhifəsi də videolardan ibarətdir. Onun da xəbərdə yerləşdirməyə fotosunu tapmaq bizim dəqiqələrimizi alır. Məcburən arxivdəki şəkillərindən istifadə etməli oluruq. Şükür ki, Ülviyyə xanımı illər çox dəyişməyib, fotoların köhnə olduğu bəlli olmur.

Bəlkə də ən az fotosu olanlardan biri Əməkdar artist Aygün Bəylərdir. Onun da xəbərlərinə ancaq köhnə fotolarını yerləşdirməyə məcbur oluruq. Çətin günləri geridə qoyan sənətçinin yeni və keyfiyyətli fotolarını səhifəsində görmək ümidilə...

Müğənni Mirkamil Kamilov uzun müddətdir ki, efirlərdə də, sosial şəbəkələrdə də yoxdur. O, bir müddət əvvəl fotolarını səhifəsindən silib, profilini sıfırlayıb. Arada-bir ondan xəbər alanda, sayta yerləşdirmək üçün şəkil tapmaq qeyri-mümkün olur...

Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artistlər Nüşabə ƏləsgərliAlmaz Ələsgərli də keyfiyyətli fotosu az olan məşhurlardandır...

SOY prodakşının rəhbəri Oqtay Əliyevin isə demək olar fotosu yoxdur. Onun Əməkdar artist, xanımı Dilarə Əliyeva ilə, yaxud da illər əvvəl tək çəkilən bir neçə fotosundan başqa xəbərə şəkil qoymaq mümkün olmur. Çünki Oqtay müəllimin yeni, başlıq şəkli olacaq görüntüsü yoxdur.

Siyahıda yer alan məşhurlar ağlımıza gələnlər idi. Hələ çox sadalaya bilərik. Amma inciməyin, yeni görüntünüzdə keyfiyyətli fotolarınızı izləyicilərinizdən əsirgəməyin. Ki, biz də xəbərlərinizi ən yaxşı şəkildə təqdim edə bilək..