Olay
Olay

“Filmə görə yol çəkdirib, işıq dirəkləri basdırdıq”

“Filmə görə yol çəkdirib, işıq dirəkləri basdırdıq”

Ötən gün “Pərdəarxası: Mən burada tək olmuşam” filminin təqdimat mərasimi baş tutub.

OLAY yazır ki, Nizami Kino Mərkəzində gerçəkləşən gecədə ekran işinin rejissoru Emil Quliyev, filmin qəhrəmanları Hikmət Rəhimov, Arzu Abdulova, Nəsibə Eldarova, Zemfira Əbdülsəmədova, Sanura Cafarova iştirak edib. Layihənin digər baş qəhrəmanı Azər Aydəmir isə tədbirə qatılmayıb.

Emil Quliyev bildirilib ki, “Pərdəarxası” 3 il öncə lentə alınıb:

“Filmin hekayəsini mənə 2014-cü ildə Bahh Tee (müğənni Bəxtiyar Əliyev – red.) verib. İllərdir beynimdə fırlanırdı. 2019-cu ildə elə oldu ki, filmin maliyyəsi tapıldı. Ssenaristlərimiz qısa zamanda hekayəni yazdılar. Çəkilişlərimiz sakit keçmədi. Sujetə görə bizə tənha bir ev lazım idi - ətrafda ev olmalı deyildi, dağlıq ərazidə olmalı idi. Evi tapdıq, sonra məlum oldu ki, həmin evə yol yoxdur. Məcbur olub yol çəkdik. Gecə düşəndə bildik ki, işıq da yox imiş, elektrik dirəkləri qoymalı olduq.

Filmi çəkdik, lakin sona çatdıra bilmədik, hava imkan vermədi. O qədər qatı duman var idi ki, məcbur olduq bəzi səhnələri kəsək”.

Filmin təqdimat mərasiminə bir sıra sənət nümayəndələri, İTV-nin rəhbəri Balakişi Qasımov, aktyorlar Əlixan Rəcəbov, Nicat Rəhimov və başqaları qatılıb.

Qeyd edək ki, ekran işi Nizami Kino Mərkəzi, CinemaPlus və Park Cinema kinoteatrlarında yayımlanacaq.

FOTOLAR: Hüseyn Həsənov