Zəlzələnin insanlara vurduğu zərər tək fiziki yaralar və maddi problemlərlə nəticələnmir. Bir də onların ailə üzvlərinin cəsədini uçuq-sökük binalarda çıxararkən keçirdikləri hissləri, mənəvi dağıntıları var.
Sözsüz ki, bu hisslər illər keçsə də, onların xatirində qalacaq. Sanki hər an həmin dəhşəti yenidən yaşayacaqmış kimi hiss edəcəklər. Bununla yanaşı, Türkiyədəki digər bölgələrdə yaşayan vətəndaşlar da bu dövrlərdə bir qorxu, stresslə yaşayırlar.
Bəs bu yaşanılan stress və travmalarla necə mübarizə aparmaq olar?
OLAY xarici KİV-ə istinadən zəlzələnin psixoloji dağıntıları ilə savaşmağın 7 yolunu təqdim edir:
Duyğularınızı gecikdirməyin…
Birinci, bilməlisiniz ki, tək deyilsiniz. Stress keçirdiyiniz vaxtlarda insanların duyğusal fonu pisləşir və qayğılar özünü daha da büruzə verir. İçinizdə yaşadığınız bir-birindən fərqli duyğunun normal olduğunu bilməlisiniz. Sadəcə iç dünyanızdakı duyğuları ətrafa göstərməkdən qaçmayın. Gecikdirdiyiniz duyğular, günlər, həftələr, aylar və ya illər keçsə də, iç dünyanızda özünə yer tapmağa davam edə bilər. Ona görə də yaşadığınız hissləri özünüzə gizlətməkdən qaçın.
Nəfəs məşqləri…
Ağlınızdan pis düşüncələri uzaqlaşdıra bilmirsinizsə, nəfəs məşqləri ilə sakitləşə bilərsiniz. Bu nöqtədə bir-birindən fərqli nəfəs məşqi və ya meditasiya növü olduğunu qeyd edək. Lakin həm ağılda qalma, həm də əlavə bir diqqət lazım olmadığından kvadrat nəfəs məşqi məsləhət görülür. Bu metoddan düzgün istifadə üçün hər addımda 4 saniyə gözləməlisiniz.
Anın içində olun.
Gələcəklə bağlı qayğı verən düşüncələrin bu gününüzə təsir göstərməyinə icazə verməyin. Sizə kömək olması üçün yalnız bu günü düşünün. Tarixi, həftənin gününü, saatı, hazırda yerləşdiyiniz məkanı xatırlayın və adlandırın. Özünüzə gələcəkdə deyil, bu anda olduğunuzu, indi güvəndə olduğunuzu xatırladın.
Qayğılarınızı paylaşın.
İstər yazaraq, istərsə də, güvəndiyiniz biriylə zəlzələ haqqındakı qayğılarınızı paylaşmalısınız. Bunun sayəsində narahat olduğunuz mövzu və sizi qayğılanmağa məhkum edən narahat edici düşüncə qəlibləri aradan qalxacaq.
Sosial şəbəkələrə məhdudiyyət qoyun.
Sosial şəbəkələrdə görə biləcəyiniz görüntü və xəbərlər sizi stresə sala bilər. Buna görə də günün müəyyən vaxtlarında sosial şəbəkələrdən uzaq qalmağa çalışın.
Diqqət mərkəzini dəyişin
Diqqətinizi sizə xoş olan məşğuliyyətlərə yönləndirə bilərsiniz. Yürüş edin, ən sevdiyinizi mahnınıə dinləyin, sizə rahatlatlıq gətirən serial və filmləri izləyə bilərsiniz. Əlbəttə sizə rahatlıq gətirəcək məşğuliyyətlər üçün yer və vaxtınız olmaya bilər. Bu nöqtədə təkrar nəfəs məşqlərini etmək sizi sakitləşdirəcək.
Peşəkar dəstək.
Hər zaman hər çətinliyin öhdəsindən gəlməyə bilərsiniz. Bu normaldır. Ona görə də peşəkar yardım almaq, problemi aradan qaldırmaq üçün sizə çox kömək ola bilər.