“Gəldiyim qənaət budur ki, bu həyatda özümü iki ömür sürmüş bir insan adlandıra bilərəm. Hər kəsin həyatında sınaq olur. Mənim sınağım çətin dönəmə düşdü. Çünki bətnimdə övlad, yanımda da körpə qızım var idi. Təsəvvür edin ki, həm bu övladıma lazımam, həm də bətnimdəki uşağı sağlam dünyaya gətirməliyəm”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Tam vaxtıdır” verilişində deyib. Müğənni Roza Zərgərlinin suallarını cavablandıran sənətçi boşandığı dövrlərdən söz açıb:
“Həmin dövrlərdə Allaha sığındım. Nə yaxşı ki, valideynlərim sağdır, onlar mənə dəstək oldular. Bir də sənətim. Yoxsa, keçə bilməzdim. Musiqi mənə o dünyada yaşayacağım cənnəti bu dünyada yaşadır. Oxuyanda keçirdiyim hissləri heç nə ilə müqayisə etmirəm. Ayaqüstə qalmağıma, heç kəsə möhtac olmamağıma, həm maddi, həm mənəvi cəhətdən ən böyük dəstəkçim yuxarıda Allah, aşağıda valideynlərim və musiqi oldu. Əlbəttə ki, aldığım o travmalar mənimlədir. İndi öz keçirdiyim hisslərdən dolayı hamilə qadın görəndə, mənə elə gəlir ki, onun üçün nəsə etməliyəm. Amma sıfırlandım və küllərimdən yenidən doğuldum. Bir dəfə sıfırlanmışam. Özüm özümü hazırlayıb bunu etməmişəm. Həyatı sıfırlayıb yenidən başlamaq böyük güc tələb edir. Birinci beynin, ruhun, qəlbin, hər şeyin sıfırlanmalıdır. O yüngüllüyü duymalısan, azadlıq ruh halı da deyil, fərqlidir. Həmin anlarda 2 ilə yaxın psixoloqlarla çalışırdım. Ətrafımda həmişə kömək edən həkimlər, psixoloqlar olub. Necə ki, kompüter qəfil dayanır, sönür, eyni şeyi həyatımda yaşadım. Yəqin ki, çox yüklənmişdim, illərin yüklənməsi idi. Günün birində ayılanda nə pis, nə yaxşı, heç nə yadımda deyildi”.