Tanınmış fotoqraf Zeynal Məmmədlini dələduzluqda ittiham edən Ülkər Ağayeva ondan üzr istəyib.
OLAY yazır ki, Bakı Apelyasiya məhkəməsinin 20.06.2022-ci il tarixli qərarına əsasən, Ü. Ağayeva status paylaşaraq həm də öz iddialarını təkzib edib.
“Votsap yazışmalarımızı instaqramda paylaşdığım postu silirəm və qeyd olunanları təkzib edərək Məmmədli Zeynalabdin Murtuza oğlundan üzr istəyirəm”, - deyə, hekayədə qeyd olunub.
Qeyd edək ki, Ü. Ağayeva 2021-in noyabrında fotoqrafın onu aldatdığını iddia etmişdi. O bildirmişdi ki, 2019-cu ildə Zeynalın komandası nişan mərasiminin çəkilişini edib və onlardan razı qalıb. Lakin xına mərasimində öz istədiyi fotoqraf göndərilməyib. Toyunda isə verilən vədlərə əməl olunmayıb, qeyri-peşəkar fotoqraf göndərilib. Zeynal fotoları özünün redaktə edəcəyini bildirib. Bununla yanaşı, məbləğdə də razılaşma əldə olunmayıb. Gəlin toydan əvvəl Zeynalla 4100 manat məbləğdə razılaşdıqlarını, məclisdən sonra fotoqrafın ondan 5 min istədiyini bildirmişdi. Eyni zamanda Zeynalın fotoları gec göndərdiyini də iddia etmişdi. Fotoqraf isə özü açıqlama yayaraq ittihamların əsassız olduğunu vurğulamışdı.
11 mart 2022-ci ildə keçirilən məhkəmədə isə Ü. Ağayeva uduzmuş və onun Zeynala 5 min manat dəyərində təzminat ödəməsi ilə bağlı qərar qəbul edilmişdi.