Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Binə Atçılıq Mərkəzinin ərazisində “Yeni qala” adlı konsert kompleksinin açılışı olub.
OLAY yazır ki, sentyabrın 17-də təşkil olunan tədbirdə rəsmilər və tanınmış incəsənət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, milli memarlıq elementlərini və müasir texniki vasitələri birləşdirən kompleks açıq havada opera tamaşalarının, konsertlərin və digər tədbirlərin təşkili üçün geniş imkanlar yaradır.
Açılış mərasimində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Konsertdə Xalq artisti Yusif Eyvazov, Əməkdar artistlər Afaq Abbasova, Anton Ferştandt, solistlər Atəş Qarayev, Aytac Şıxəlizadə, eləcə də teatrın orkestri və xoru Mustafa Mehmandarovun dirijorluğu ilə çıxış edib.
Süvari keçidi ilə başlayan bədii proqramda müxtəlif janrlarda ümumilikdə 13 musiqi nömrəsi səsləndirilib.
Musiqi və atçılıq ənənələrini birləşdirən konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.