Olay
Olay

“3 yaşımdan mahnı bəstələyirdim”- İlqar Xəyalın oğlu

“3 yaşımdan mahnı bəstələyirdim”- İlqar Xəyalın oğlu

Tanınmış müğənni İlqar Xəyal oğlu Teymur ilə birgə “1az TV” verilişində qonaq olub.

OLAY yazır ki, İ. Xəyal oğlunun musiqiyə marağının uşaqlıq illərindən olduğunu bildirərək bunları deyib:

“Teymurun məktəb illərində ondan bütün valideynlər kimi dürüst olmasını, dərslərinə yaxşı hazırlaşmasını tələb edirdim. Amma yeniyetməlik dövrünə çatdıqdan sonra istədiyini edir. O uşaq vaxtı mənə ulduz kimi baxırdı. Özü də qəbul etməlidir ki, ilk fanatım olub. Teymur müxtəlif janrda mahnılar dinləyir. Sonra biz bir yerdə müzakirələr aparırıq. O, piano üzrə təhsil alıb. Beynəlxalq yarışlarda iştirak edib, beynəlxalq müsabiqələrin laureatı olub. Mən onun klassik musiqiçi olmasını istəmişəm, o isə mənə deyib ki, ata, sənin kimi olacağam.

Əslində, bu istedad, musiqiyə maraq genlə əlaqəlidir. Məsələn, mənim atam da tar ifaçısı idi. O, mənə musiqi ilə bağlı nəsə göstərməmişdi. Sadəcə mən bu sənətin içində idim. Bizə tanınmış sənətkarlar gəlirdilər. Misal üçün, Gülağa Məmmədov, Yalçın Rzazadə və başqaları... Düzdür, o biri oğlum idmançıdır, Respublika çempionudur. İdman kollecində oxuyur, təhsilini davam etdirir. Öz üzərində çalışır. Böyük oğlum isə xarici dövlətdə işləyir, ölkəmizi təmsil edir. Yəni, ailədə tək davamçım Teymurdur”.

Teymur isə musiqi fəaliyyətindən söz açaraq artıq iki mahnısını dinləyicilərinə təqdim etdiyini söyləyib:

“İndi isə albom üzərində çalışıram. Mən konservatoriya təhsilimi bitirdikdən sonra Türkiyədən dəvət olundum. Getdim, 7 ay orada qaldım. O müddətdə instaqramda mahnı səsləndirdiyim videoları paylaşırdım. Bundan sonra Azərbaycandan dəvət aldım və qayıtdım. Mən hər janrda musiqi dinləyirəm. Məsələn, Azərbaycandan Samir Cavadzadəyə, Sevda Ələkbərzadəyə, Azad Şabanova, Murad Arifə və başqalarına qulaq asıram. Musiqiçi ailəsində böyüməyim bu işə yönəlməyimdə böyük rol oynadı. Mən 3 yaşım olanda artıq mahnı bəstələyirdim”.