“Cinemazadeh” şirkətinin baş direktoru Cəfər Axundzadə aktyor Müşviq Şahverdiyevi məhkəməyə verməsindən danışıb.
O, bu barədə OLAY-a açıqlama verərək deyib ki, Şahverdiyev qonorar ödənilməsinə baxmayaraq layihədə çəkilməkdən imtina edib:
“Müqaviləmiz və öhdəlikləri var idi. Yerinə yetirilmədi, öz aramızda razılığıa gələ bilmədik. Şirkət olaraq müqavilə əsasında məhkəməyə müraciət etdik. Bundan sonrasına hakim qərar verəcək. Məhkəməyə qədər olan prosesdə təzminat tələb edilmirdi. Qanunla mediasiya müraciəti etdik ki, ödənilən məbləğ geri qaytarılsın.
Qarşı tərəf bununla razılaşmadığı üçün təzminat tələb etdik, miqdarını vəkilimiz bilir. Qonorar ödənilmişdi, çəkilişlərə gəlmədi. Başqa bir layihədə də bizi incitdi. Hansı ki bundan sonrakı layihələr üçün də danışılıb, beh verilib, onları da istəmirik. Müşviqlə ilk işimiz “Kəklikotu” idi. Onun həmin vaxt “Xəzər Media Mərkəzi” ilə müqaviləsi var imiş. Başqa layihələrdə çəkilə bilməzmiş. Bizim filmdə çəkiləndə məlumatımız yox idi. Məlumatımız olsa belə, “Xəzər”lə biz müqavilə bağlamamışıq. Onun razılaşması var idi, gərək çəkilməzdi. Sonra dedi ki, məni cərimə edirlər. Xəzər TV-nin o vaxtkı rəhbəri Şamxal Həsənovla danışdım, dedi ki, çəkilə bilməz, müqavilə var. O layihə də getmədi. Ondan sonrakı proyektlərdə də dedi ki, işim var, vaxtım yoxdu, bir gün gələ bilirəm, iki gün gəlirəm. Belə alınmır. Çəkilişlərə mütəmadi olaraq gəlməlisən, bütün aktyorlar kimi sən də olmalısan. Biz yenə də başqa yerdə çəkilişi olmasını nəzər alıb məşqlərə çağırmırdıq, yola verirdik.
Lakin heç gəlməmək də olmur. Ona görə ssenarinin gedişatını nə qədər dəyişmişik ki, yoxdur. Çox əziyyət olur. Bundan sonra da dedim ki, alınmırsa, işləməyək. Razılaşmadı. Məcbur məhkəməyə verdik. Heç kim kimisə birgə çalışmağa məcbur edə bilməz”.
Məsələ ilə bağlı aktyorun özü ilə də əlaqə saxladıq. Telefona cavab verən köməkçisi onun hazırda çəkilişdə olduğunu və açıqlama yayacağını deyib.
Qeyd edək ki, “Cinemazadeh” şirkətinin Müşviqi məhkəməyə verməsi ilə bağlı xəbəri ilk dəfə “Qafqazinfo” işıqlandırıb.