Olay
Olay

Ağac aşdı, anasının ayağını amputasiya etdilər - VİDEO

Ağac aşdı, anasının ayağını amputasiya etdilər - VİDEO

Azərbaycanın tanınmış reperi PRoMete (Pərviz İsaqov) instaqramda video yayaraq anasının başına gələn qəzadan danışıb. 

OLAY yazır ki, ifaçı müraciətində bir neçə gün əvvəl Bakıda baş verən güclü küləyin ağır fəsadından söz açıb:

“Noyabrın 10-da Bakıda güclü külək oldu. Külək başlamamış anam həyətə zibil atmağa düşüb, qayıdanda görüb ki qonşu qadınlar həyətdə oturublar. Anam da onlarla söhbət edib. Külək əsəndən sonra evlərinə qayıtmaq qərarına gəliblər. Bu zaman ağac aşaraq anamın üstünə düşüb. Anam ciddi zədə alıb. Hətta Dövlət Təhlükəsizlik Xidmətinin klinikasında anamın ayağını amputasiya etdilər”.

Reperin sözlərinə görə, hadisədən bir neçə saat sonra hansısa idarənin əməkdaşları ağacı kökündən kəsərək aparıblar:

“Haradasa 10 gün keçib. Anam yaxşıdır, həkim nəzarətindədir.  Amma aidiyyatı qurumlar bizimlə əlaqə saxlamayıblar. Anlayıram, fikirləşirlər ki, səssiz qaldıqca,  hadisənin üstündən zaman keçəcək və unudulacaq.  Doğrudur, hansısa zəng, addım anamın ayağını geri qaytarmayacaq. Lakin  anamın ayağını itirməsinə səbəb olan ağac haqda sakinlər aidiyyatı qurumlara bildiriblər. Bir tədbir görülməyib. Həmin anlarda anamla birgə daha üç nəfər olub. Körpə uşaq da var imiş. Onlara heç nə olmayıb. Anamın ayağı topuqdan kəsilib. Olaydan sonra ağac kəsilib. Mənə maraqlıdır ki, anamın üstünə aşandan  sonra kəsilib aparılmalı idi? Az-çox təxmin edirəm ki, hansı qurumun səhlənkarlığının ucbatından bu hadisə baş verib. Əminəm ki, prokurorluq  dəqiq qərar verəcək. Yasamal Rayon Prokurorluğuna və Baş Prokurorluğa  müraciət etmişəm, inanıram ki, bu hadisə bir də yaşanmayacaq”.