Olay
Olay

Kim kimin kölgəsində qaldı? – Qaladan fotolar

Kim kimin kölgəsində qaldı? – Qaladan fotolar

“Dönənlər” filminin qırmızı xalısında bir-birindən fərqli sənətçilər boy göstərib.

OLAY gecəyə qatılan sənətçilərin geyim tərzlərini təqdim edir:

Filmdə baş rolu canlandıranlardan biri, Əməkdar artist Dilarə Əliyeva tədbirə qara və qızılı rənglərin kombinasiyası ilə təşrif buyurub. Parıltılı və güpürlü libasına uyğunlaşdırığı saç düzümü və makiyajı sənətçini olduqca iddialı göstərib.

Oksana Rəsulova “oversize” dəstini 1960-lar tərzində saç düzümü və parıltılı aksessuarı ilə tamamlayıb. Sadə və zərif görünən aktrisa qızılı üzüklərdən və eynirəngli çantadan istifadə edib.

Qızılı rəngin başdan-ayağa hakim olduğu tərzin digər sahibi isə filmin baş rol aktrisalarından biri Günay Əhməd olub. Sənətçi parıltılı libası və saç düzümü ilə gecədə görüntüsünə “düşmən kəsilib”. Paltarı onu həm kilolu, həm də qısaboy göstərib. Qızılı saçlar, qızılı makiyaj və qızılı ayaqqabısı ilə Günay “Dəbin qızıl qaydaları”na əməl etməyib.

Filmdə debüt obrazını canlandıran Züleyxa Əhməd isə tədbirə tünd mavi rəngli, ipək libasla qatılıb. O, “look”unu gümüşü aksessuar və ayaqqabı ilə tamamlayıb.

Əməkdar artist Sənubər İsgəndərli krem rəngli kostyum və ağ sviterlə nəcib görüntü sərgiləyib. Toppuz saç düzümündə gecəyə gələn aktrisa iri, qızılı sırğalardan istifadə edib.

Aktrisa Zemfirə Əbdülsəmədova “oversize” şalvarını qara idman ayaqqabısı, eynirəngli köynəklə birləşdirib. Parıltlı jaketdən istifadə edən Əbdülsəmədova qəhvəyi iri çanta taxıb.

Xalq artisti Mehriban Zəki rahat üsluba müraciət edib. “Oversize” kimono tərzində olan xaki libasını mavi zamşa ayaqqabı ilə kombinasiya edib. Qara kəməri və istifadə etdiyi boyunbağı “staylinq”inə qarışıqlıq qatsa da, sənətçi saç və makiyajında təbiiliyə üstünlük verib.

Aktrisa Günəş Təqin təqdimata xüsusi hazırlaşanlar sırasında olmayıb. O, 2000-ci illərin ortalarında dəbdə olan uzuntəhər koftası, üstdən geyindiyi mini gödəkçəsi və boyunu qısa göstərən çəkmələri ilə diqqət çəkib. Gənc sənətçinin səliqəsiz halı gözdən yayınmayıb.

Aktrisa və aparıcı Şəhanə Yusifova boz rəngli yun pencək və qara uzun çəkmələrini qara çanta ilə tamamlayıb.

Aktyor Corc Qafarov da boz rəngə müraciət edib. O, kostyumunu ağ sviterlə tamamlayıb. Corcun ayaqqabısı isə tərziylə uyğunluq təşkil etməyib.

Yenicə qayınana olan müğənni Xatun Əliyeva filmə də eyni obrazda qatılmağı üstün tutub. O da qala gecəsindəki digər xanımlar kimi parıltılı libasa üstünlük verib. Uzun qara ətəyini, gümüşü sviterlə tamamlayan ifaçı son illərin dəb trendindən geri qalan çəhrayı “şuba”sı, saç düzümü, aksessuarları ilə dəb-dəbəli görüntü sərgiləyib.

Filmdə Səfər obrazına həyat verən Ziya Ağa mərasimə klassik tərzdə gəlib. O, qalstuku, eynəyi ilə ekran işindəki ədəbiyyat müəllimi obrazına vurğu edib. Kostyumunu boz jilet və eyni rəngli corabla tamamlayan aktyorun kombinasiyasında qara parıltılı ayaqqabıdan istifadə olunub.

Fərda Xudaverdiyev gecəyə ən səliqəsiz və “demode” gələn sənətçilərdən biri olub. Komediyaçının dəbdən düşən tüklü yaxalıqlı klassik paltosu, yay şapkası və idman ayaqqabısı təzad təşkil edib.

Əməkdar artist Ayşad Məmmədov özünəməxsus tərzi ilə gecəyə qatılıb. Həyat yoldaşı, aktrisa İlqarə Tosova isə qara libasa üstünlük verib. O, “look”unu leopard şərf ilə tamamlayıb.