Olay
Olay

Prezident Aygün Bəylərin ev problemini həll etdi

Prezident Aygün Bəylərin ev problemini həll etdi

Prezident İlham Əliyev Əməkdar artist Aygün Bəylərin ev problemini həll edib.

OLAY yazır ki,  “Söhbət musiqidən gedir” verilişində müğənniyə sürpriz edilib.

Bu barədə proqramın aparıcısı Leyla Quliyeva məlumat verib. O deyib ki, ifaçı bir neçə il əvvəl solo konsert təşkil etmək üçün evini girov qoyub. Lakin tədbirin “Günəşli” yatağında baş verən faciə ilə üst-üstə düşməsi səbəbindən konsert alınmayıb. Nəticədə isə Aygün həmin məbləği itirib.

“Həmin məbləği itirdim. Bəlkə də onda səhv addım atdım. Çünki o zaman daxilimdə, ürəyimdə problem yarandı. Ona görə ki, həmin mənzil hörmətli, əziz Prezidentimizin və Mehriban xanım Əliyevanın hədiyyə etdiyi ikiotaqlı mənzildir. İndi də qızımla birgə həmin evdə yaşayıram. Amma mənzil 2016-cı ildən bəri girovdadır. Onda stress yaşadım, həmin xəstəliyi tapdım. Allahın köməkliyi ilə o da düzələr”, - deyə, A. Bəylər bildirib. 

Leyla isə “Mən bilirəm ki, siz bu məsələ ilə bağlı cənab Prezidentə və Mehriban xanıma məktubla müraciət etmisiz. Etdiyiniz müraciətlə bağlı biz Heydər Əliyev Fondu ilə əlaqə saxladıq. Aygün xanımın ölkə başçısına, Heydər Əliyev Fonduna və Mehriban xanıma müraciəti ilə bağlı bir müsbət cavab varmı deyə maraqlandıq. Çox böyük sevinclə deyirəm ki, bu gözəl gündə cənab Prezident və Heydər Əliyev Fondu sizi təbrik edir. Ev sizindir”, - deyə, vurğulayıb.

Bu zaman həm sənətçi, həm də aparıcı göz yaşlarını saxlaya bilməyib. Əməkdar artist söyləyib ki, illərdir bu məsələyə görə narahatdır:

“Mehriban xanım, çox sağ olun. Mən söz tapa bilmirəm. Sizi o qədər çox sevirəm ki... Bilirdim ki, bu məsələdə mənə bir ana ürəyi kömək edəcək. Cənab Prezidentə qurban olum. Onu hər kəsdən çox sevirik, xalqımızın ürəyi, canı, həm inam, həm iman yeridir. Canan o qədər sevinəcək ki... Hər yuxudan oyananda deyir ki, evimiz necə olacaq. Söyləyir ki, artıq böyük qızam, evimiz hələ də girovdadır. Allah həmişə sizi sevindirsin. Xalq sizi hər zaman sevir, sevəcək və yanınızda olacaq. Var olasız. Cənab Prezident və Mehriban xanım, Allah sizə uzun ömür, möhkəm cansağlığı versin”.