Olay
Olay

“Döyülən qadın çəkər də, içər də...”

“Döyülən qadın çəkər də, içər də...”

Tanınmış müğənni Damla “Tar” adlı yeni klipindəki dəyişikliyi ilə müzakirə yaradıb. Sənətçinin musiqi tərzi, libas seçimlərini dəyişməsi xüsusilə diqqət çəkir.

Qadın cinayətlərindən bəhs edən klipdə müğənninin obrazının depressiv halda içki və siqaretdən istifadə etməsi də gözdən yayınmayıb.

OLAY-ın məlumatına görə, klipdə zərərli vərdişlərin yer alması səbəbilə TV yayımı nəzərdə tutulmayıb. Bu barədə Damla OLAY-a danışıb:

“Televiziya üçün ayrı versiya hazırlanmayıb. Şiddətə məruz qalan, döyülən qadınlar çox vaxt zərərli vərdişlərə, içkiyə, siqaretə qurşanırlar. Çoxu bununla mübarizə apara bilməyib, intihara sürüklənir. Göstərmək istəyirik ki, qadına şiddətin sonu faciə ilə bitir. Qadın hər zaman sevgi, qayğı, nəvaziş istəyir. Nə qədər çox əzilsə, bir o qədər həmin yerdən qaçacaq.

Mən nəyisə hazırlayanda bu mütləq TV-də yayımlanmalıdır, 10 milyon izlənməlidir, hit olmalıdır deyə etmirəm. Bacardığım qədər keyfiyyətli, yaxşı işlər ortaya çıxarmaq istəyirəm. Əslində, düşünürdüm ki, burada da içki və siqaretə görə məni daş-qalaq edəcəklər. Əksinə, insanlar klipin mövzusuna hakim olduqları üçün məni qınamadılar. Dedilər, döyülən-söyülən qadın neyləsin? Çəkər də, içər də...”.

Müğənni son zamanlar musiqi janrında etdiyi dəyişikliklərdən də söz açıb:

“Düşünürəm ki, müğənni yerində saymamalıdır. Hər mövzuda, hər janrda oxumağı bacarmalıdır. Bir az istiqamətində dəyişiklik etməkdən çəkinən, eynitipli mahnılar ifa edən müğənni qorxaqdır. Fikirləşir ki, birdən dinləyicimi itirirəm, ya məni bu cür qəbul etməzlər. Bizim işimi riski sevir”.

Qeyd edək ki, Damlanın tərzi üzərində stilistlər Elnur Həsənov və Aynur Xəlilova çalışıb. Mahnının sözləri və musiqisi Yap10-a məxsusdur. Klipi isə Delee Oruclu ekranlaşdırıb.