2019-cu ildə Muğam Müsabiqəsinin laureatı olmuş Rəvan Qaçayev yeni işini təqdim edib.
OLAY Axşam.az-a istinadən yazır ki, “Aparar səni” adlı mahnının sözləri Rəşad Məcid, musiqisi Xanım İsmayılqızına aiddir.
Mahnı ilə bağlı açıqlama verən şair, bəstəkar Xanım İsmayılqızı onun 14 il əvvəl yazıldığını bildirib:
“Bu mahnının 14 ildən çox yaşı var. O vaxt yazılıb, amma illərlə gözləyib. Qəribə taleyi olub, sanki öz ünvanını tapa bilmirdi. Mahnını bir neçə müğənniyə təqdim etmişdim, lakin sözləri standartdan kənar və fərqli olduğu üçün tərəddüdlə qarşılanırdı. Halbuki mətnində həm ironiya, həm mesaj, həm də dəyərli fikirlər var. Mahnı insanı hər şeyə hazır olmağa çağırır. Həm ciddi, həm də yumoristik çalarları özündə birləşdirir.
Müğənnilər mahnını bəyənir, gözəl olduğunu deyirdilər, amma müxtəlif səbəblərdən ifa olunmadan qalırdı. Düşünürəm ki, hər şeyin öz zamanı var. Bu mahnının da zamanı indi imiş.
Rəvan çox istedadlı ifaçıdır. O, həm aşıq musiqisini, həm estrada janrını, həm də muğamı uğurla təqdim edir. Buna görə də mahnının fərqli dinləyici auditoriyası olacaq. Şadam ki, bu əsəri ifa etmək məhz Rəvana qismət oldu. O, mahnıya bütün ürəyini və enerjisini verdi. Rəşad Məcidin şeirinin haqqını layiqincə çatdırdı. Mən də musiqi müəllifi kimi öz töhfəmi verdim. Aranjiman da yüksək səviyyədə alındı. Nəticədə dörd nəfərin zəhməti bir araya gələrək gözəl bir iş ortaya çıxardı. Mahnıda hər kəsə bir mesaj var: sevgiliyə, dosta…”.
Rəvan bildirib ki, bu, X.İsmayılqızı ilə ikinci işbirlikləridir:
“Xanım İsmayılqızının bundan əvvəl “Gecələr” mahnısını oxumuşam. Onu royal müşayiəti ilə ifa etmişdim. O, mənim yaradıcılığıma hər zaman dəstək olub. Ona “ana” deyirəm. Hər zaman istəyirdim ki, yaxşı mahnılar olanda ilk olaraq mənə təqdim etsin. Çox sağ olsun ki, o da ən gözəl bəstəni mənə verdi”.