Müsahibə
Müsahibə

“Çoxundan yaxşı aparıcılıq edirəm” - “Hərşeyşünas” Aynur

“Çoxundan yaxşı aparıcılıq edirəm” - “Hərşeyşünas” Aynur

Tanınmış dizayner, influenser və “Hərşeyşünas” layihəsinin aparıcısı Aynur Xəlilova OLAY-a müsahibə verib. 

- Sizi az-çox tanıyırıq, amma bir də uğur hekayəniz var ki, elə sizdən eşitmək istəyərdik...

- Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişəm. Ömrüboyu dərslərdə və sonrakı iş həyatımda laboratoriyanı izolyasiya olunmuş mühit hesab etmişəm. Orada sıxılmışam. Ta ki, içimdəki yaradıcılığı kəşf edənə qədər. Bir anda anladım ki, işimi sevmirəm, həm də yaşımın çox gənc çağındayam. Həmçinin çox tez ana olmuşam, 19 yaşımda ailə qurmuşam, 20 yaşımda ilk övladım doğulub. Başa düşdüm ki, mən faydalı deyiləm, özümü tanımaq yoluna çıxdım. Yolda da anladım ki, ruhum faydalı olmaq istəyir. Mənim bir kişidən asılı olmaq qorxularım var, bunu terapiyalarla həll etməyə çalışıram. Bəlkə də anam ev xanımı olub, o, mənim iş həyatına atılmağımdan sonra iş həyatına başlayıb. Onun sonrakı potensiallarını gördükcə, bu, məni daha da qorxudurdu. Məsələn, anam gənc yaşda işləsəydi, çox məhsuldar xanım olardı, daha başqa yerlərdə olardı. İndi yaşına baxmayaraq şirkət idarəçisidir, yaşının üzərində inkişaf yolu keçir. Onunla fəxr edirəm. Ailədə baş verən bu proseslər mənə bir kişidən asılı olmaq qorxusu aşılamışdı. Ona görə öz işimi qurmaq istədim. Başda dəstək olmadılar. Bunu bütün müsahibələrimdə deyirəm, atam da, həyat yoldaşım da inciyir. Bu, reallıqdır ki, dəstək olmadılar. Hətta bir gün həyat yoldaşım ailə yeməyində atama dedi ki, öz pulu var, gedib özü batırsın, bizdən bilməsin, öz pulunu batırsın, görsün ki, iş qurmaq asan deyil. Bir ay, iki ay, üç ay bitir Aynur yığışıb evə gəlmir, ailədə sual yaranır ki, yəqin xərcləri ödədiyi üçün biznesi bağlamır. Beləliklə, mən iş həyatına atıldım.

- Hələ də o pul batmayıb...

- Hə (gülür). O pul batmayıb. Əksinə, çoxalıb, ikinci biznesə keçib.

- Bu cəmiyyətdə qadın kimi hansı çətinliklərlə üzləşirsiniz? 

- Bəzi frazalar var ki, qadın qadının düşmənidir. Bütün dünyada var. Bəzi anlarda həyat məni buna inandırır. İdraklı şəkildə inanmamağa, bunu həyatıma çəkməməyə çalışıram. Bu barədə podkastımda psixoloqla da danışmışdım ki, niyə xanımlar fit qadın görəndə əməliyyat etdirdiyini, uğurlu xanımın arxasında illeqal kişinin olduğunu düşünür? Yəni, başqa adam var arxasında, həyat yoldaşı da ola bilməz. Mən də həyatımla bağlı gözəl ssenarilərlə rastlaşıram. Özümün də xəbərim olmadan, həyatımla bağlı məlumatlar əldə edirəm. Bu, ona görədir ki, onun daxilində yatmış potensial var. Ya onu çıxarmaqdan qorxur, ya tənbəldir, deyir ki, mən bunları edə bilmərəm, o edir deyə, qabağa gedir. Bu müsahibəyə həyat yoldaşım, atam, digər ailə fərdlərim baxır. Mən biznesimə 3 min manatla bir binanın 19-cu mərtəbəsində başlamışam. Hətta atamın yetəri qədər imkanı var idi, şəhərin mərkəzində məkan icarəyə götürə bilərdim, amma mənə dəstək olmamışdılar. İlk biznesimi idraklı qurmamışam, kor-təbii olub. İdraklı formada davam etdirdiyim üçün uğurlu alınıb. Digəri idraklı, şüurlu şəkildə planla qurulub. Bəli xanımlarımızda bu var. Bunun üçün insan həyatının bir anında anlamalıdır ki, tək məşğuliyyəti özü olmalıdır. İnsan özü daxili aləminə baxanda, özü ilə məşğul olanda həyatdakı missiyasını tapır və onu bəsləmək üçün çalışır. Mənim missiyam faydalı olmaqdır, bundan ruhən bəslənirəm. Faydalı bir işin parçası olmaqdan bəslənirəm. Bu, mənim həyat enerjimi dinamikada saxlayır. Başqalarına vaxtım olmur. Həyat mənə başqaları ilə məşğul olmaq şansı verməyib. Belə xanımlara çox üzülürəm.

- Bu qədər işin içində uşaqlara necə vaxt ayırırsınız? Yəni sistemi necə qurmusunuz?

- Mən yaxşı ana olmağa çalışıram. Bilmirəm, nə qədər bacarıram. Çalışıram. Yaxşı xanım, yaxşı rəhbər olmağa çalışıram. Amma özümlə məşğul olmalıyam. Yaxşı ana olmaq üçün bunu etməliyəm. Özümə aid bir zamanım olmalıdır. Bu, eqoistlikdirsə, mən eqoist olmağı seçirəm. Bilirəm ki, uşaqlarıma yalnız bu formada faydalı ola biləcəm. Xanımlarımızın hər birinə bunu arzu edirəm. Bizdən əvvəlki nəsil necə günahlandırır? Arada anam da məni günahlandırır ki, sən necə anasan, qonaqlıqdasan? Orada özümü xoşbəxt hiss edirəmsə, uşaqlarıma xoşbəxt, enerjili ana olaraq frekans yayıramsa, bitdi. Məsələ bundan ibarətdir. Desəm ki, asandır. Çox çətindir. Bəzən zamanı bölmək çətin olur. İstəmirəm, kənardan elə görünsün ki, bu da hər şeyi bacarır. Yetərsiz hiss etdiyim, özümü günahlandırdığım, depressiyaya düşdüyüm, tükəndiyim vaxtlar olur. Amma özümü yaxşı tanıdığım üçün o vaxtlardan özümü necə çıxaracağımı bilirəm. Çatdırmağa çalışıram. Çünki belə xoşbəxt oluram. Bu həyata özüm üçün gəlmişəm. Həyatımı heç kəsə qurban verə bilmərəm. Buna uşaqlarım da daxildir. Düşünürəm ki, sağlam düşüncə budur. Belə olmalıdır, bütün qadınlar belə düşünməlidir. Onda xoşbəxt qadın olur, xoşbəxt qadın xoşbəxt ana, xoşbəxt ana da xoşbəxt uşaqlar və xoşbəxt ailə deməkdir. Bizdən əvvəl uşaqlara investisiya kimi baxıblar. Qınamıram, çünki gördüklərini götürüblər. Fikirləşiblər ki, mən buna baxıram, o da qocalanda mənə baxacaq. Mən çox sağlam qocalacağıma, qocalanda pulum olacağına inanıram. Uşaqlarıma belə bir məsuliyyət, yük yükləmirəm. Onlara deyirəm ki, azad ol, xoşbəxt olmağı seç, heç vaxt məni düşünmə, sən xoşbəxt olduğun zaman mən xoşbəxt olacam. Düzdür, bu gün üçün yaşayıram. Amma sağlam və pullu qoca olmağı planlaşdırıram. Bilmirəm, həyat nə gətirəcək. Amma uşaqlarıma yük olmaq istəmirəm.

Həyatımın bir dövründə uşaq tərbiyəsində anama oxşadığımı düşünürəm, halbuki zamanında qınamışam ki, bu nədir? Uşaqlarım balaca idi, onda başa düşmürdüm ki, yeniyetməlik dövrləri gələcək, onda nə edəcəm? Zaman-zaman anama bənzəyirəm. Peşman deyiləm. Bəzən  doğru bildiyimiz yanlışlar var ki, uşaq tərbiyəsində lokallaşır. Hər mentalitetə uyğun adaptasiya gedir. Bundan şiddəti çıxarıram. Fiziki şiddətdən söhbət gedə bilməz, psixoloji şiddəti də kənara qoyuram. Bəzən özümü nizamlayaraq tərbiyə metodlarıma anamın üsullarını əlavə edirəm. Kim böyük-böyük danışıbsa, deyirəm ki, hamı o cümlələri yeyəcək. Bəzi qaydalar var ki, mentalitet valideynlərimizə sırıyıb, onlar da bizə gördüklərini ötürüblər. Bunlara qarşıyam. Ancaq qızların sıxışdırılması, namus, qeyrət anlayışlarının qadınların ayaq arası ilə əlaqələndirilməsi… Bir qadın kimi bunlar məni incidir. Uşaqlarımı bu şəkildə böyütmürəm. Oğlumu da, qızımı da belə böyütmürəm. Yaxud da evliliyə qarışan analar, uşağı bir proyekt kimi görən analar kimi yanaşmıram. Uşaq mənim mülkiyyətim deyil, ayrı bir fərddir. Hər zaman deyirəm ki, onlar Allahın övladlarıdır, bizim vasitəmizlə dünyaya gəliblər, bizə əmanətdirlər. Əgər valideyn olmağa hazır olmuşuqsa…. Yaş artdıqca buna da münasibətim dəyişib. Onları sadəcə qorumalıyıq. 

- Uşaqlarla paylaşımlarınız olur. İki övladınız artıq yeniyetməlik çağına çatıb. Onlar nəsə reaksiya vermirlər ki, paylaşın, ya paylaşmayın?

-Hə, ikisi də yeniyetməlik dövrünə girib, son altı aydır onları paylaşmıram. Nə paylaşıramsa, icazə alıram. Özləri istəmirlər. Onlar üçün xoş deyilsə, etmirəm. İşim məni elə hala gətirib ki, planlı olmadan influenser olmuşam. Gördüm ki, impuls məndən gedəndə iş daha yaxşı idarə olunur, heç kimə minnət borcun qalmır. İşinin blogeri də, müğənnisi də, aktrisası da özün olursan. Rəhbərin işinin influens gücü varsa, bu, müsbətdir. Bir müddət sonra anladım ki, o dalğaya düşdüm, insanlar ailəmi, həyat yoldaşımın hədiyyəsini, uşaqlarımı görəndə “like" sayı artır, baxış artır. Ayıldım ki, səhifəmdə Aynura aid heç nə yoxdur. O qədər tendensiyaya qapılmışam ki, özümü unutmuşam. Sonra heç bir şəkildə həyat yoldaşımla özəl həyatımı paylaşmıram. Bu, mənim üçün məhrəmdir. Əvvəl paylaşmışam. Peşman deyiləm, bu da, o da mənəm. İkisi də gözəl idi. İndi paylaşmaqdan narahat oluram, çünki hiss edirəm ki, onun şəxsi məkanına girirəm, sərhədini pozuram. Məsələn, yoldaşım banka gedir, çəkib göndərirlər. Başa düşdüm ki, sərhədi pozulur və mənə görə olur. Paylaşım edəndə də, icazə ilə edirəm.

 

- Sizi necə təqdim edəndə xoşunuza gəlir - dizayner, influenser, yoxsa aparıcı?

- Dizayner, ən çox pulumu nədən qazanıramsa, deməli o sahəyə çox əmək vermişəm. Dizayner kimi təqdim olunmaq istəyirəm. İnfluens gücüm öz işimdən qaynaqlanıb. Aparıcılıq da qismətim oldu. Deməli, çox aparıcıdan daha yaxşı aparıcılıq edirəm deyə, bu ad üstümə yazıldı. İzləyicilərim də yazırlar ki, çox aparıcılardan daha çox aparıcısan. Nə xoş mənə ki, əsl hərşeyşünasam. 

- Elə bil influenser icmasından uzaqdasınız... Məsələn, sizi bir arada görmürük.

- Məşhurlaşmaq mənim çevrəmi dəyişmədi. Yenə də 18-10 il əvvəlki dostlarımlayam. Bir söz var, deyir, yola çıxdıqlarımı yolda tapdıqlarıma dəyişmədim. Orada deyiləm. Çünki karyeramla bağlı planlarım influenserlik tərəfində yox, dizaynerlikdədir. İnfluenserlik tərəfimi də bəsləyirəm, bundan pulu çox seçici qazanıram. Mənim üçün reputasiya məsələsidir. Hər reklamı götürmürəm, reklam çarxlarını öz reputasiyama uyğun çəkirəm. Bu, mınim üçün prinsip məsələsidir. Məncə, seçici olduğum üçün orada olmamağı uyğun görürəm.

- Nədənsə blogerlərin dostluqlarının saxta olduğunu düşünürlər. Siz nə fikirləşirsiniz?

- Nəinki, dostluqlar… Bu, mənim izləyici kimi fikrimdir, sosial şəbəkələrdəki hər şeyi feyk hesab edirəm. İnandırıcı gəlmir. Bu dünya idraklı şəkildə belə qurulur, biz laboratoriya dovşanlarına çevrilirik. Tendensiya bizi ora aparır. Daxilimizdə təsdiq olunma boşluğu olur. Bizi həmin anda şərhlər, “like”lar təsdiq edir. Təsdiq olunma ehtiyacını onlar edir. İnsan robortlaşır, o kontenti çəkməli olursan. Mən İtaliyaya getmişdim, orada dedim ki, bunu niyə edirəm? Niyə bu qədər xüsusi hazırlaşıram ki, haradasa gedib şəkil çəkdirib post edəcəm. Bu ayaqqabıları geyinmək istəmirəm. Həmin gün də geyinmədim. Sonra səyahətlərə gedirəm, elə səyahətim var ki, heç paylaşmıram. Hərçənd ki, aktivlik gətirir. Elə olur səssiz gedirəm, pasportumu paylaşmıram, çox xoşbəxt və daxilən tam oluram. Anı yaşayıram. Çevrəmdə də çox seçiciyəm. Mənə xoş enerji verməyən insanlarla dünyəvi məsələlərə görə dostluq edə bilmərəm. Daxilən məni xoşbəxt edirsənsə, okey. Sabah xoşbəxt etməsən, xeyr. İlhamə xanım demiş, özümə hörmətim var, özümü çox sevirəm. 

- Heç influenser dostunuz yoxdur?

- Yox. Mənim üçün dost anlayışı çox fərqlidir. Çevrəmdə sevdiyim influenser xanımlar var. Çox sevdiyim, hörmət etdiyim Şəfəq (Wefegm), Banu (Banu.all) var. Adlarını tək-tək çəkməyim. Onlarla gec-gec görüşürük, bilirəm ki, ikisi də çox yaxşı insandır. Gözəl dialoqumuz var. İkimiz də bir-birimizin “close friend”indəyik. Videolarını çox sevdiyim insanlar var. Amma dost deyilik. Dost olmağa yüksək potensialımız var. Mən incimirəm, ya həyatımdan çıxarıram, çıxarmaq istəmədiyim insanlarla empatiya quraraq davranıram. Çünki qarşımdakı insanı sevirəm və həyatımdan çıxarmaq istəmirəm. Sərhədlərim pozulursa, nə qədər öz üzərimdə çalışsam da… Amma dini lider deyiləm, səbrim var, normal insanam. Sərhədlərim pozulduğu zaman içimdən sərt biri çıxır, sərt tərəfimi göstərirəm. Bu da mənim ən böyük haqqımdır. Ümumiyyətlə, Azərbaycanda, dizaynerlər, müğənnilər, blogerlər arasında bir adam deyə bilməz ki, ilk Aynur başlayıb. Sərhədim pozulub və cavab vermək məcburiyyətində qalmışam. Nə edim ki, qarşı tərəf sərt olmağımı tələb edib? Bunu mənə kim qadağa edə bilər?

- Arzu xanımla (Arzu.ja) qalmaqalınız oldu. Verilişinizdə ilahiyyatçı Elşad Mirinin fikirlərinə sərt reaksiya vermişdi... Amma sizi də hədəf almışdı. O məsələ nə yerdə qaldı?

- Biz bunları həll etmişik. Aramızda yox, elə instaqramda həll olunub. İzləyicilər də şahid olublar, hətta Elşad bəy də müsahibə vermişdi. Zamanında cavab vermişəm. Sərhədimi pozan insanlara qarşı hər zaman sərt olacam. Aramızda əvvəl heç bir şey baş verməmişdi, o xanımı çox sevirdim. Sevdiyim insanlardan biri idi. Başa düşmədim, niyə belə baş verdi? Amma sual vermək ən təbii haqqımdır, din də çox mübahisəli mövzudur. Hər insan başqasının dini, siyasi baxış bucağına hörmət etmək məcburiyyətindədir. Məsələn, sabah desəniz ki, kartofa inanıram. Mənim üçün bitdi, hörmət edəcəm, deməli, baxış bucağınızda kartofa sitayiş etmək var. Bunu necə qınaya bilərik? Ateist öz dünyasına elə baxır, onu necə qınaya bilərik? İnsan kimi sorğulayıram, sualım yaranmışdı, podkast mənim, qonaq mənim, sual mənim… İstədiyim sualı verməkdə azadam, bundan sonra da belə olacaq. Qonağım da öz təcrübəsinə uyğun fikirlərini söyləməkdə azaddır. İzləyici isə istəyər baxar, istəyər baxmaz.

 - Maraqlıdır, belə qalmaqallar olanda həyat yoldaşınızın reaksiyası necə olur?

 - Hər zaman arxamdadır. Deyir ki, sənə qarşı həddini aşan olanda, ki onların heç birini tanımıram, amma mənə bildirərsən. Hansı qalmaqalda ki, günahım olmur, oturduğum yerdə kimsə nəsə edirsə, cavab verməliyəm. Deyir ki, sənin şərəf və ləyaqətinə nəsə bir təəssürat yaratmaq istəyən, ağlından keçirən biri də qarşısında məni görəcək. Onun da mənə verdiyi bir cəsarət var. Tək həyat yoldaşım yox, atam, qardaşım, qayınatam, baldızımın yoldaşı…

- İndi məşhurlarla işlərinizi necə qurursunuz? Yəni barter, yoxsa ödənişli...

- Əgər bir münasibətim varsa, onlar mənə rahat şəkildə zəng edir, istəyimizi bir-birimizə bildiririk, barter olur. Amma çox limitlidir. İndi tendensiya elədir ki, mikro-influenserlərlə işlənilir. Artıq izləyicin çoxdur, videon çox izlənsin, deyil, alqoritm belə işləmir. Biz də o tendensiyaya uyğun gedirik. Mənim müştərim influenser sevmir. Bu geyim verilir ki, təsiretmə gücü olsun, daha çox yayılsın, mənə qazanc versin, ya da pul ödəyək ki, onu geyinsin. Mənim müştərim deyir ki, filankəs geyinibsə, onu geyinmirəm. Mən də müştərim nə istəyirsə, elə yol almalıyam. 

 - Ümumiyyətlə tanınmış simaların geyim tərzi ilə bağlı nə düşünürsünüz?

- Bir məşhur, ulduz musiqi karyerasından əlavə geyiminə çox diqqət yetirməlidir, o bunun karyerasının parçasıdır. Tendensiya izləməlidir, peşəkarlarla çalışmalıdır. Bir də əsl ulduz olmalıdır. Bizdə çox azdır. Məsələn, klipə hazırlaşırıq, məndən geyim istəyir. Tək dərdi gözəl olmaq olur. Konseptə uyğun olmayan makiyaj, makiyaja uyğun olmayan geyim. Onun dünyasında güzgü qarşısına çıxanda gözəl görünür. Peşəkar isə deyir ki, rejissor konsepti belə müəyyənləşdirib. Mən də öz daxili dünyama, konseptə uyğun stil yaradıram. O şərh verməməlidir. Çünki peşəkarlar çalışır. Onlar onu o obrazda görməlidirlər. Peşəkarlar birləşib layihə ortaya qoyur. Əlavə “brif” işin önə çıxmağının qarşısını alır, məhdudlaşdırır. Məni məhdudlaşdıran insanlarla çalışmağı sevmirəm. Ya yaxşı olacaq, ya da olmayacaq. Ya mən dediyim olacaq, ya da olmayacaq. Sonuncu dəfə bu sərtlikdə Damlanın “Üzərlik” klipində olmuşam. Geyimlərini biz hazırlamışdıq, dedim ki, ya biz deyən olacaq, ya da mən yoxam. Onlar da sağ olsun qəbul etdilər, klip də göz önündədir. Sevilib, səs gətirmişdi.    Geyimləri mən hazırlamışdım, Elnur Həsənovu da mən təklif etmişdim. Çünki geyimi hazırladım, necə obrazda gördüyümü dedim, amma saç-makiyaj, aksesuar istədiyimiz kimi olmasa, başqa vizajistin yanına getsə, ona toy makiyajı edəcəksə, geyimin vacibliyi qalmayacaq. Elə bir stilist lazım idi ki, geyimlərimi önə çıxarsın. O da Elnur idi. 

Tək Damla yox, bu, hamıya aiddir. Səhnə insanı geyiminə, tərzinə pul xərcləməlidir. Bu, onun səhnədə özünü ifadə formasıdır. Tək musiqisi ilə yox, geyimi və obrazı ilə özünü ifadə edir. Davam olunmalı idi. Olunmamağı Damlanı pis etmir. Onun seçimidir. 

 - Olmaz ki, həmişə eyni insanlarla çalışsınlar, eyni stildə davam etsinlər?

- Yəqin ki, büdcə olaraq bahalı gəlir. Çünki mən zamanımı ayırıramsa, reputasiyama uyğun qiymət deyirəm. Elnurun da, mənim də zamanımın maddi dəyəri var. Buna görə, onu qınaya bilərikmi… Peşəkar səhnə insanı hər şeyə diqqət etməlidir. Etmirsə, onun karyerası ilə öz arasında olan məsələdir. Yenə də Damlanı çox sevirəm. Fikirləşirəm ki, Damla karyerasında yaxşı dönüş etməyə çalışır. Onun çalışqanlığını dəstəkləyirəm. Çünki “rakkada-çıkkada” tayfasından deyil, efirdəki aşağı məzmunlu verilişlərin, səviyyəsiz mövzuların bir parçası deyil. Buna görə onu təqdir edirəm, yaxşı işlər görən insanları, öz üzərində çalışanları təqdir etmək lazımdır ki, daha da həvəslənsinlər. Çox pisə fokuslanmayaq. 

- Siz də efir məkanımızdan narazısınız...

- Televiziyada aşağı məzmunlu kontent istehsalçısı olan hər kəs Azərbaycan xalqının potensial düşmənidir. Bunu deyirəm, arxasında dayanıram. Çünki insanların zövqünü korlamaqla məşğuldurlar, bayağı təfəkkürü aşılayırlar. Artıq bayağılıq insanların beyninə siraət edir. Əvvəl düşünürdüm ki, filankəs belə mahnı oxuyursa, əcəb edir, bacarana can qurban. Belə pul qazanır. Bir gün bir dostum dedi ki, elə deyil, o zövqləri korlayır, yaxşı musiqiçilərə tələbat azalır. Bu, o deməkdir ki, bu insanlar kütlənin zövqünü korlamağa xidmət edir. O gündən sonra fikrimdən çox utandım. Mənim elə düşünməyim eqoistlik imiş. Ona görə dəstək olmuram, verilişimə çağırmıram, mənim izləyicimə maraqlı deyillər, dinləmirəm, şiddətli qınayıram. Toy üslubunda oxuyub, efirə çıxa bilər. Bu cür ifaçılar hər zaman olub. Efirdə bu qədər yer vermək lazımdır? Ər mövzularından, ikinci qadın mövzularından danışmaq, çılpaqlaşmaq lazımdır? Bayağılaşmaq, “düşük” olmaq, lazımdırmı, ehtiyacdırmı? Yəqin ki, o verilişlərin ehtiyacıdır. İzləyici kimi qınayıram, podkast aparıcısı, dizayner, ölkənin vergi ödəyicisi kimi yox. İzləyəndə utanıram. Tendensiyadan xəbərləri yoxdur, imiclər bayağıdır. Danışanda adama əsəb gəlir.

 - Çoxu da efirə geyimini bilmir, məsələn gündüz verilişində ziyafət libasında çıxırlar. Bu da düzgün deyil...

- Əlbəttə, deyil. Özlərinə yatırım etmirlər. Ancaq 3 qəpiklik mahnılara pul verirlər, özlərinə xərcləmirlər. Bilməmək ayıb deyil, səhnə insanıdırsa, öz üzərində çalışmalıdır, yatırım etməlidir. 

 - Bir də mənə elə gəlir ki, bəzi influenserlər məşhurluğu daşıya bilmir. Məsələn, hansısa səhifədə onlar haqda xəbər yazılanda ya sildirirlər, ya da şikayət edirlər. Sizin fikriniz necədir?

- Açıq səhifə istifadə etməyi seçmişəmsə, neqativ qarşılığı da olacaq. Məsələn, Südabə adlı xanımın öz tərbiyəsinə uyğun tənqid yazmağı. Fikirləşirəm ki, bunu istəyirəm? Əgər açıq səhifənin gətirdiyi gəliri qəbul edirəmsə, neqativliyi də qəbul etməliyəm. Qarşı tərəf həddini aşmadığı müddətdə. Mənim üçün bu, normaldır. Əgər ictimaiyyətə açıq iş görürəmsə, podkast kimi… Çünki bizim insanımız müxtəlif fikirlərə, dəyişimə, ağ qarğalara açıq deyil. Mən insanları qıcıqlandıran paylaşımlar etmirəm. Hər növ insan var. Sosial şəbəkələrdə hər şey feyk olduğu üçün… Məsələn, hamı çox gözəldir, arıqdır, hamının həyat yoldaşı ona sürpriz edir, sevilən qadındır, çox pulu var, səyahət gedir. Əgər evdə otursam, bunlar olmasa, insan kimi daxili yetərsizlik yaşayaram, neqativ olar, neqativ rəy yazaram. Dostlar,  bu yalançı dünyadır. Çox istəyərdim ki, gənclər bununla yetərsizlik yaşamasın. Çünki yalançı dünyadır, özünə fokuslan, daxilindəki liderlik qabiliyyətini önə çıxar hər şey arxasından gələcək. Nəyə görə qıcıqlandıran paylaşımlar etmirəm. Mənə neqativ enerji lazım deyil. Niyə həyat yoldaşımın qucağında yataq otağımızdan video paylaşım? On beş ildir bir-birimizi sevirik, hörmət edirik, bu sevgidən üç uşaq var. Niyə bunu göstərək? Ya da yoldaşımım aldığı hədiyyəni niyə göstərim? O qutunu alanda çox sevindim. Kimə sübut edirik? Kim görsün? İzləyirəm, bəyənirəm, amma özümdə bəyənmirəm. Özümdə görəndə deyirəm ki, bu, mən deyiləm, “düşük”ləşmə. Həyat yoldaşımın mənə böyük sürprizi olmuşdu, real bir şey idi. Hava limanında baş tutmuşdu, dostlarımız videomuzu çəkmişdi, kənardan çəkirdilər.  Çox təbii video idi, təbii reaksiyalarım var idi, gülməli idi. Düşündüm ki, bunu paylaşım? Sonra dedim, Aynur “düşük”ləşmə, bu, sən deyilsən, mənim özəlimdir. Həyat yoldaşımın mənə olan münasibətidir, ikimizim arasındadır. Onu paylaşsaydım, izlənmə çox olardı. Bu,  məni xoşbəxt edir? Yox. Gizli qalmaq xoşbəxt edir. Paylaşmamağım məni çox bomba qız etmir. Onun paylaşmağı da onu aşağı etmir. Hər bir insan invidualdır, izləyirəm, makiyaj videolarına da baxıram, kimin əri nə alıbsa, ona da baxıram. Mühakimə etmirəm, özümü sorğulayıram, özümə yaraşdırmıram.

- Ötən il “Altın Kelebek” üçün Sənubər İsgəndərlinin geyimini siz hazırlamışdınız. Çox uğurlu idi. Amma əsasən ora gedən məşhurlarımız bu mövzuda bizi məyus edir...

- Belə tədbirlərdə geyimin tərzindən öncə tikişi möhtəşəm olmalıdır. Sadə, düz don geyinin. Amma ayaqqabınız, geyimin tikişi çox klass olmalıdır, o qədər kamera sizi çəkir və insanların gözü sizdədir. O demək deyil ki, ən fərqli, ən diqqətçəkən sən olmalısan, nəinki o tədbirlərə gedən xanımlar, eləcədə öz xanımlarımız. Bir qadının öz şarmı və dişil enerjisi ilə önə çıxmağının tərəfdarıyam. Geyim, saç, dırnaq, makiyaj, aksesuar, hər biri o enerjini dəstəkləməlidir. Onun fonunda qalmalıdır. Məncə, bizdə anlaşılmayan budur. Çox sadə, dümdüz parçadan, korsetsiz geyim geyinə bilərsiniz, amma o qədər gözəl tikilmiş, ütülənmiş, keyfiyyətli olar, sadə makiyaj edərsiniz, qəşəng brilliant taxarsınız, digərlərindən daha çox parıldayarsınız. Çünki qadın olaraq özünün və enerjinin fərqindəsən, onunla oranı manipulyasiya edirsən. Bunu bacaran qadın üçün ölüm yoxdur. İstənilən yerdə işıq saçar, istənilən geyimlə işıq saçar. Sport geyimlə gəlsə də, hamını ötüb keçər. Çünki vizyonu odur. Lakin belə tədbirlərdə hər şeyi çox edirlər, risklər alınır, heç vaxt qaşlı geyinməyən, qaşlı geyinir. Saçını boyamayan, saçını boyayır. Sanki ömür boyu əhd edib ki, riskləri orada alacaq. Həmçinin nitq də önəmlidir. Çox dəqiq olmalıdır, peşəkar komanda çalışmalıdır. Nitqiniz səlist, özünəinamlı olmalıdır. Neçə gün məşq edilməlidir, nitqiniz də vizyonununuzu dəstəkləsin. Biz Sənubər xanım üçün sadəcə gözəl geyim hazırlamışdıq. Bu, Sənubər xanımın canında idi. Biz ilk dəfə görüşəndə dedi ki, istəyirəm, geyimimi siz hazırlayasınız, çünki keçən il Kəmalə gedəndə xoşuma gəlmişdi və heç nəyə qarışmıram. İlk cavabım o oldu ki, sizi maskulen stildə görürəm, qadın kimi o enerjidəsiniz, lakin içəridəki dişiliyi çıxardacağıq. O da dedi ki, sən nə desən, mən razı, uğurlu da alındı.

- “Hərşeyşünas”da bizi kimlər gözləyir? 

- “Hərşeyşünas”da o qədər böyük adlar var ki, yer yerindən oynayacaq.  Burada özümlə, komandamızla, Meteylə (ProMete) fəxr etmək istəyirəm. Çünki hər birimiz öz işimizi layiqincə görürük. Mete  çox yaxşı idarəçidir. Bəzən deyir ki, sən olmasaydın, bu qədər uğurlu olmazdı, mən də ona deyirəm. Mete işin biznes tərəfindədir, radikal və tələbkar biznes beyni var, həmişə deyirəm ki, səndən çox şey öyrənirəm. Mən də ona deyirəm ki, sən olmasaydın, olmazdı. Məncə, iki uğurlu insanın işbirliyidir. Komandamızın hər bir üzvü ilə fəxr edirəm, Mete onları elə hazırlayıb, üzərlərində elə işləyib ki, dəhşət peşəkardılar.

Samirə Ərəblinskaya

Video: Soltan İbrahimov

Montaj: Rəşad Əliyev