Müsahibə
Müsahibə

““Prens”in bir bölümündə Bakıya qonaq ola bilərik“

““Prens”in bir bölümündə Bakıya qonaq ola bilərik“

Son illərin ən prestijli türk seriallarından biri olan “Prens”in baş qəhrəmanı Giray Altınokla görüşdük.

OLAY-a özəl müsahibə verən sənətçi sosial mediada vulkan effekti yaradan obrazı, serialı və şəxsi həyatı barədə danışdı:

- Sizi xoş gördük, Giray bəy. Bu gün bizim üçün yaxşı sürpriz oldu. Çünki sizi tapmaq çətin məsələdir.

- Mənim üçün də çox yaxşıdır. (Azərbaycan dilində - red.)

- Mən çox türk komediya serialı izləmişəm. Amma son illər bu sferada bir problem yarandı. Bilmirəm buna izləyicilər, reytinqlər yaxud xarici ölkələrə satılan seriallar səbəb oldu. Nəticədə komediya serialları çox azaldı. Belə bir boşluq var idi. Filmlər olurdu, amma bəsit idi. Sizin serialların kütləviləşməsindən sonra iq tələb edən zarafatlar yarandı. Son illərin ən ikonik obrazını oynadınız. Əslində “Prens” sosial mediada yaratdığınız personaj idi. Bu qədər böyük kütləyə xitab edəcəyinizi düşünürdünüzmü?

- Sualın əvvəli ilə əlaqəli sizinlə eyni fikirdəyəm. Türkiyədə komediya serialları yavaş-yavaş azaldı. Sonda “Jet sosyete”nin finalı ilə insanlar televiziyada bu işi görməyi bitirdi. Bunun da təməl səbəblərindən biri yeni layihələrdə xaricə satışın önəm kəsb etməsidir. Yəni, televiziya sahəsi “xaricə sata biliriksə, insanların gülməyimə ehtiyac yoxdur” qənaətinə gəldi. Nəyi sata bilirlərsə, onu istehsal etməyə başladılar. Bu səbəbdən də tamaşaçının ailəliklə baxıb izləyəcəyi komediya seriallarının dövrü bağlandı. Burada bizim yolumuzu açan məqam rəqəmsal platformaların Türkiyədə fəaliyyətə başlaması oldu. Onların sayı çoxaldıqca, daha çox ssenari və fikir ehtiyacı yarandı. Ona görə də komediya layihələri yaradan insanlar fikirlərini bu tərəfə yönləndirməyə başladılar. Çünki televiziya vacibdir, amma o olmayanda özümüzə yeni sahə tapmalıydıq. Komediyanın yenidən vacibləşməsi “Gibi” serialından sonra oldu. Çünki çox uğurlu iş idi. Hələ də elədir. Komediya layihələrinin populyarlığl artdı. Biz də o dövrdə Kerem Özdoğanla “Var bunlar” serialını çəkdik. Orada yaranan şəraitlə də “Prens” ərsəyə gəldi. “Prens” instaqram səhifəmdə yaratdığım bir obraz idi. Müşviq Quluzadə ilə tanış olduq, yaratdıqları texnologiyanı tanıtmaq üçün bir seriala ehtiyacları var idi. Romantik-komediya kimi ssenari axtarmırdılar. Texnologiyanın ön planda olduğu komediya layihəsinə ehtiyacları var idi. Biz də ortaq şəkildə bu işi ərsəyə gətirməyə başladıq. Beləliklə “Prens” yarandı...

Sosial şəbəkələrdə, xalq arasında replikalarin populyarlaşması bu işin uğurlu olmasına gətirib çıxardı. Mən “pıçıltı qəzeti”nə inanıram. İstədiyiniz qədər hər yerə reklam verin, afişalar yapışdırın. Əgər işin içi boşdursa, onları vaxtı keçdikdən sonra heç kim xatırlamayacaq. Amma insanların bir-birinə danışmağı, “mütləq izlə” deməyi bu populyarlığı yaratdı.

- Əslində “Prens” də, siz də çox gec populyarlaşdınız. Çoxdandır bu sahədəsiniz, çox iş görmüsünüz. Sizcə, bunun səbəbi nədir? Yaxşı işə, ya da peşəkara çox gec dəyər verilir?

- İnsanın özünə verdiyi qiymət olmalıdır. Həmişə buna inanmışam. Mən bütün işlərimə dəyər vermişəm. Amma populyarlaşması həm də şans işidir. Siz bir işi özünüzə görə düz edəndə, bir gün o doğrular başqalarının doğruları ilə birləşəndə yayılma və “partlama” başladı. Bəlkə, bu günə qədər görülən işlərin bizə görə ən yaxşısı “Prens” ola bilər, ya da olmaya bilər. Amma tamaşaçı üçün tanışlıq “Prens” oldu. Bizim üçün də bu mənada özəl yeri var. Çünki hekayəsi, texnologiyası fərqlidir, absurd komediyadır. Serialın bəzi hissələrində absurd komediyanın olması, yaxşı təməli olan ssenarisi…

Məsələn, insanlar seriala gülməyə bilərlər, amma hekayəni izləyirlər, ssenari maraqlıdır. Komediya çox subyektivdir. Bir mexanizm yoxdur ki, serialın 100 faiz gülməli olduğunu desin. Hər kəsə görə dəyişir. Kimisi üçün dünyanın ən yaxşı serialı “Prens” ola bilər, kimisi üçün isə ən pis işi. Çünki biri çox gülə bilər, biri yox. Bu, insana görə, dəyişir. “Prens”in bir atımlıq barıtı olmayıb. Gülmürsənsə, hekayəni izlə, ya da əksinə gülürsən, hekayə maraqlı olmur. Biz serialda çox alternativ təqdim etmişik. Hərə bir tərəfindən tutanda kütləviləşdi.

- Əslində, “Prens” tək komediya serialı deyil. Çünki bir dram da var. Yəni bir körpə nə etmiş ola bilər ki, ona ad belə qoymayıblar?

- Bəlkə də niyəsini 3-cü sezonda görəcəyik. Ən başdan insanlara deyə bilməzdik ki, çox fərqli şeylər olacaq. Belə şeyləri olanda görə bilərsən. Yoxsa, birinci sezonda qardaşımız əmimizlə birləşib atamızı öldürdü. Çox dramatikdir (gülür – red). Lakin hələ birinci bölüm idi, tamaşaçı Kral Tunla çox bağ qura bilməmişdi. Ona görə insanlar təsirlənmədilər. O vaxtkı 2-ci sezonun 5-ci bölümündə Haşaryanın sevgilisi Filippi hər kəsin gözü qarşısında kəsdik. Hamının qanı dondu. Dedilər ki, orta əsrlərin şərti budur, kimsə kimisə intiqama görə öldürə bilər və bu, sizin sevdiyiniz ola bilər. Ondan sonra yazılan söyüşləri ümumi həyatımda mənə deyilməyib. Hər yerdə yazdılar, küçədə “yazıqlar olsun” deyə bağırdılar. Yəni, insanlar onu övladları kimi seviblər. Gözəl haldır. Lakin serialın bəhs etdiyi dövrün qanunudur. Nə etmək olar? Atamız öldürüləndə heç nə yox idi, kürəkən öləndə problem var? (gülür – red.).

- Giray Altınokda bir “Prens”lik varmı? Bəzi xüsusiyyətləri, reaksiyaları oxşayırmı, ya da sözləriniz?

- Məndən çox uzaq obrazdır. Ona inanıram ki, insan cibindəki xüsusiyyətlərlə nəsə oynayanda onun yaxşıya doğru getməsi mümkün deyil. İstər-istəməz əzbərlənmiş bəzi şeyləri edirsən ki, belə baxsam yaxşı olar. Mən normal həyatımda belə otururamsa, obrazda da yaxşı olar, deyə düşünürsən. Amma oynadığın obraz səndən uzaqlaşdıqca, yeni nəsə tapmaq istəyirsən. Obrazın özündən nə qədər uzaq olsa, o qədər yeni bir personaj yaranır. Prens də elədir. Onun dediklərini həyatda istifadə edə bilmərəm, ya da cəsarət edib etdiklərini etmərəm. Çünki bütün pis xüsysiyyətlər onda var: eqoist, qorxaq, şəxsiyyətsiz, şərxata. Günü xilas etmək üçün hər şey edər, dostlarını satar. Günün sonunda isə deyir ki, biz bomqomiyalıyıq, ailəmizə qarşı səhv etmərik. (gülür) Hər şeyi belə toparlayır. Ona görə mənə çox uzaq obrazdır. Mən öhdəlikləri olan insanam.

- Azərbaycanda çox izlənirsiniz. Sosial mediada viral olub, memlər paylaşılır, hətta şirkətlər də sosial media reklamında istifadə edir.

- Kim? Xəbərimiz olsun (gülür – red.).

- Bununla bağlı azərbaycanlı fanatlarınıza nə demək istəyirsiniz?

- Serialın birinci sezonundan bəri oradakı pərəstişkarlarımızın varlığını hiss edirəm. Xüsusilə də instaqram və “X”də görürəm. Çox da xoşbəxt oluram. Bizim serialımızın prodüseri də azərbaycanlı olduğu üçün… Onunla da danışmışıq, çox getmək istəyirik. Dedi ki, sizi aparacağam. Mən heç Bakıya getməmişəm, çox maraqlı gəlir. Orada nələrsə etmək istəyirik. Bəlkə “Prens”in bir bölümündə ora qonaq ola bilərik. Gözəl ola bilər. Yolumuz düşə bilər.

- Üçüncü sezon üçün təqdimat da edə bilərsiniz.

Müşviq Quluzadə kənardan müdaxilə edir: Niyə də olmasın? Bakıda tamaşaçılarla birgə izləyə bilərik.

- Sevə-sevə, çox gözəl olar. Birinci bölümü çatdırmasaq da, finalı orada izləyərik. Hamıdan əvvəl görərlər.

- PR-nız da məndə.

- Əla. İşlər həll olunur. (gülür - red.)

- İkinci sezonun sonunda Prens ata oldu. Siz də ata olacaqsınız, bəlkə də bu müsahibə yayımlananda da oğlunuz dünyaya gəlmiş olacaq. Necə hiss edirsiniz?

- Qarışıqdır. Hamı deyir ki, yaşamadan görə bilməzsiniz. Arada insan özünü ata olmağa məcbur edir. Uşaq dünyaya gəlmədiyi üçün. Yəqin ki, qucağımıza aldıqdan sonra başlayan münasibət olacaq. Hələ ki, bir göbəyin içindədir, deyə, bağımız yoxdur. Yəqin ki, doğulduqdan sonra hamı kimi ağlımızı itirəcəyik.

- Müsahibə üçün təşəkkür edirik.

- Mən təşəkkür edirəm. Buradan Azərbaycandakı tamaşaçılarımıza salam göndərirəm. “Prens” izləməyə davam etsinlər.

Pərviz Hüseyn

FOTO/VİDEO: Elmar Azimli