Müsahibə
Müsahibə

“60-70 yaşlı insanlar deyir ki, çox xoşumuza gəlirsən”-VİDEO

“60-70 yaşlı insanlar deyir ki, çox xoşumuza gəlirsən”-VİDEO

“Hamı dedi ki, klip çox köhnəyə oxşayır, elə bil 2000-ci illərin əvvəllərində çəkiblər.  Bəzi insanlar başa düşməyiblər ki, biz belə bir üslub seçmişik. Xüsusi olaraq 20 il əvvələ getmişik. Klipdə kastinq işi ilə mən məşğul olmamışam. Çəkiliş meydançasına gələndə onlar maşının yanında dayanmışdılar. Yəni gec idi”. 

Bu sözləri OLAY-a müsahibəsində müğənni Dilarə Kazımova deyib. Məşhur estrada ifaçısı müzakirələrə səbəb olan “Olmaram” klipindən danışıb.  Sənətçi həm özü, həm də layihədə yer alan modelləri tənqid edənlərə cavab verib:

“Soyunmayanda, soruşurlar ki, niyə soyunmur. Soyunda da yazırlar ki, niyə soyunur. Bu sualı artıq çox vermirlər. Amma növbəti klipdə qərar verdim ki, açıq geyinməyim. Çünki orada çox gözəl geyim olmalıdır”.

 

O, həmçinin Xalq artisti Aygün Kazımova ilə duetinin hələki sözdə qaldığını qeyd edib: “İstərdim ki, Aygün Kazımova ilə duetimiz olsun. Hətta layihəni də fikirləşdim. Sadəcə uyğun mahnı tapmadıq”.

Bundan əlavə, Dilarə səhnə fəaliyyətindəki yeni etapdan danışıb, dörd il əvvəlkinə nisbətən yaxşı pul qazandığını bildirib:
 
“Fikirləşirsən  ki, toyda nə geyinim, necə edim. Sonra görürsən ki, insanlar səni gözəl qəbul edirlər. 60-70 yaşlı insanlar da deyirlər ki, sən fərqlisən, çox xoşumuza gəlirsən. Sonra ailə məclisinə dəvət edirlər, hətta alkoqol da olmur.Amma “Dəm olmuşam” mahnısını oxumağımı istəyirlər.  Daha böyük səhnələrdə çıxış etmək istəyirsən.. Ya da başa düşürsən ki, toyun bir üslubu var, və bu üslubda oxumalısan. Daha böyük səhnələrdə  çıxış etməyi istərdim. Məsələn, toy, ya da stadion konserti seçimi olsa, mən ikincini seçərdim. Çünki orada enerji, insanlar fərqlidir. İfa edirsən, pulunu qazanırsan, amma özün kimi çıxış edirsən.  Toyda isə bir az fərqlidir. Bəlkə o qədər də rəqs etməyəcəksən, o üsluba uyğunlaşmalısan. Amma qazancım  daha böyükdür, nəinki dörd il  bundan qabaqkı ilə”. 

Kazımova bildirib ki, Avroviziyadan qayıdan dövrdə bir il işsiz qalıb: “Avroviziyadan qaydandan sonra demək olar 1 il işləmədim”. 

Dilarə həmkarı Samirə Əfəndi ilə küsülü olduğunu da etiraf edib: “Mahnı, çıxış pis deyildi ( Mata Hari- red).  Özüm də başa düşmədim niyə belə aqressiya yaradıldı. Bizim Samirə ilə aramızda elə isti münasibət yoxdur. Onunla danışmasam da, Azərbaycanı təmsil edir, mütləq dəstək göstərməliyəm.  Deyim ki, o qədər də dost deyildik. Artıq salam-sağ olumuz da yoxdur”. 

 

Sənətçi daha sonra qadın şiddət mövzusuna toxunub, ikinci evlilik barədə düşündüyü vurğulayıb:

“Məncə, zorakılığa, şiddətə dözmək olmaz. Fikrimcə, bu normal deyil. Kimsə kimsəyə belə davranmamalıdır, sevgi ilə yanaşmalıdır. Yenə də belə bir halda qadınlar özləri seçməlidir ki, bu həyatda davam etmək istəyirlər, ya yox. Başa düşəndə ki, davam edə bilmirlər, bitirməlidirlər. Yaxşı olardı ki, kimdənsə məsləhət alsınlar, psixoloqa getsinlər. Ən düzgünü budur.

Bir dəfə soruşmuşdular ki, kimsə sizə əl qaldırıb, şiddətə məruz qalmısınız. Dedim, yox, lazım olsa, özüm əl qaldıraram. Ailə qurduqdan sorna başa düşdüm ki, mənim üçün deyil. Bir az vaxt keçməlidir, düzgün insan seçib, ərə getməliyəm. Tək qalanda daha da rahatlaşırsan, kimsə sənə dəmir ki, bunu geyin, onu yox. Bu rahatlığa da öyrəşirsən, dəyişdirmək çətin olur. Hələ ki mənə rast gəlməyib.  Amma rastlaşsa, yaxşı olardı. Yəni yaxşı olar ki, başa düşsün. Anlamasa, onunla dava etməyə halım yoxdur. Daha rahat, xoşbəxt həyat yaşamaq istəyirsən. Bu xoşbəxtliyi mənə karyeram verir, mənə daha rahatdır.  Amma o insan desə ki, Dilarə, yaxşı, super,  sən öz işinlə məşğul ol, mən də kömək edəcəm.  Amma belə bir insan yoxdur”.

Foto/ Video: Nuran Məmmədov