İfaları və fərqli tərzi ilə dinləyicilərin qəlbinə yol tapmağı bacaran müğənni Hiss OLAY-ın kamerası qarşısına keçərək müsahibə verib.
Sənətçi yeni işlərindən, gələcək planlarından və şəxsi həyatından danışıb.
Daha çox gənclər arasında populyar olan Hiss bunu səmimi olması ilə əlaqələndirib:
“Gənclər… Ümumiyyətlə, belə bir şey var, hansısa sənətçi, müğənni fərqi yoxdur, deyir ki, Hissin kütləsi gənclərdir, uşaqlardır. Əslində, bu, çox böyük bir göstəricidir. Həmişə bütün dünya starlarının fanat kütləsi gənclər olub. Yaşlananda o fanatizm və motivasiya olmur. Ona görə də gənclər daha çoxluq təşkil edir və bununla da qürur duyuram. Bu deməkdir ki, mən staram… Bəzən yaxınlaşmağa utanırlar, görürəm telefon əlində dayanır. Deyirəm ki, gəl, gəl... Tərzimi çox sevdiklərini bildirirlər. Mahnılarımdan da danışırlar. Məncə, məndə hər şey - mahnılarım, tərzim, geyimlərim, hamısı bir-birini tamamlayır deyə orijinal görünürəm”.
Sakit təbiətli biri olduğunu söyləyən ifaçı onu əsəbiləşdirən məqamlardan da bəhs edib:
“Mənim heç kimlə işim yoxdur, kimin mənlə işi varsa, bu onun öz daxili problemidir. Psixologiya ilə maraqlandığım və o sferanı çox yaxşı bildiyim üçün çox vaxt empatiya qururam. Hamı xoşbəxt olsun... Əsəbiləşdiyim məqamlar isə dəyişir. Məsələn, bir gün elə söz deyərsiniz ki, “əşi, yaxşı edib” deyib keçərəm. Ya da başqa gün gəlib deyərsiniz ki, bu adam bunu dedi, əsəbiləşərəm. Bu o ankı halıma görə dəyişir. Belə ən çox bacıma, qardaşıma əsəbiləşirəm”.
Hiss söhbət əsasında yaxın vaxtda Türkiyəyə köçəcəyinin mesajını da verib:
“Onların iş prinsipləri, işləmə qrafikləri mənə maraqlıdır. Türkiyəyə köçməyi düşünürəm. İş olanda gəlib-gedim. Bu yaxınlarda yəqin ki, edərəm. Çünki onlar çox başqa cür işləyirlər, bizim kimi deyil, ideya var. Onların məqsədi dünyaya çıxmaqdır, yeni, çox başqa bir “sound” etməkdir. Bizdə də elə musiqiçilər çox azdır… Olmaq istədiyim yer dünya səhnələridir… Məsələn, Dua Lipa kimi dünya ulduzu olmaq. Rihannanın adını deməyəcəm, çünki o, ikondur. Dünya səhnələrində olmaq istəyirəm yox, olacam. Başqa yolum yoxdur”.
Şou-biznesdəki dostluqlardan söz açan sənətçi, ümumiyyətlə, həyatda dostluğu tapmağın çətin olduğunu qeyd edib:
“Sözün əsl mənasında dost tapmaq çox çətindir. Dost adı ilə çox münasibətlər olur. Şou-biznesdə dostluqdan danışdıqda isə çox istəmək, hörmət etmək, arada görüşmək, tanış kimi hə, ideal insanlar var. Amma sırf dost kimi hələ ki elə insan görməmişəm. Bəlkə də var… Amma çox istədiyim, həqiqətən dəyər verdiyim, söhbətimizin uyğunlaşdığı çox artist var”.
Müğənni boş vaxtlarında onun ünvanına yazılan şərhləri oxuduğunu da bildirib:
“Bekar olduqda rəyləri oxuyuram, axır vaxtlar azaltmışam bir az. Amma qarşıma çıxdıqca oxuyuram”.
Hiss “Diqqətinizi çəkən bəy necə olmalıdır” sualına isə belə cavab verib:
“İki gözü, iki qulağı olsun, ürəyi, beyni olsun (gülür). Heç kim mənim diqqətimi çəkmir, hisslərim yoxdur insanlara qarşı, ölüb. Vallah düz deyirəm, çəkmir heç kim”.
Sonda sənətçi sevənlərinə müjdə verərək bu yaxınlarda təqdim edəcəyi yeni layihəsindən də danışıb:
“İnşallah, fevralın axırı, martın əvvəli təqdim edəcəyim “Biology” adlı mahnım var. Artıq illərdir ki, onun üzərində çalışıram. Çox sevirəm o mahnını, başqa bir enerjisi var həqiqətən. Sadəcə gözləyin, siz də çox sevəcəksiniz...”.