Müsahibə
Müsahibə

“Çox gözəl qardaş imişik, ilk dəfədir görürəm”

“Çox gözəl qardaş imişik, ilk dəfədir görürəm”

“Buraya 3-cü dəfədir gəlirəm. 1992-ci ildə dövlət teatrı ilə Bakıda “Deli Dumrul” tamaşasını oynamışdıq. 2019-cu ildə də gəlmişdim. Bir də indi gəlmişəm”.

Bu sözləri OLAY-a açıqlamasında məşhur türk aktyor Selçuk Yöntem söyləyib.

“Park Cinema Flame Towers”da “Sevda meçburi istikamet” filminin qala gecəsinə qatılan sənətçi Bakının dəyişdiyini bildirib:

“Bakını 1990-cı ildən bu yana dəhşətli dərəcədə fərqli gördüm. Təmizliyi və gözəlliyi ilə Azərbaycan çox fərqli bir yerdir”.

“Bu film həyatdan, ailədən bir parçadır. Bir aktyorun karyerasına görə ailəsini arxa planda qoymasından bəhs edən hekayədir. Autizmli qızı ilə yenidən bağ qurmaq istəyən bir adamın ətrafında baş verən hadisəərdən bəhs edir”, - deyə, Yöntem filmi haqda söyləyib.

“Gənc aktyorlarla çalışmaq necədir” sualına isə S.Yöntem belə cavab verib:

“Gənclərlə çalışmaq çox gözəldir. Amma mən gəncə, qocaya baxmıram, insan kimi, enerji olaraq baxıram. Ona görə də generasiya mənim üçün önəmli deyil. Həyatı paylaşmaq önəmlidir”.

S.Yöntem “Aşkı memnu”nun film versiyası “Bihter” barədə də danışıb:

“Bu layihə barədə heç bir fikrim yoxdur. Mən bizim “Aşkı memnu”ya baxıram. Bu xəbər yenidir. Yolları açıq olsun. Adnan Ziyagili kim canlandıracaq bilmirəm. Bizim layihə tamaşaçıda çox maraqlı aura yaratdı. Dünyanın 100-dən çox ölkəsində göstərilən bir işdir. Ona görə mən özümünkündən məmnunam, o birini də maraqla gözləyirəm”.

Gənc aktyor Kubilay Aka da OLAY-ın kamerası qarşısına keçib:

“Azərbaycana gəldik. Bizi çox gözəl qarşıladınız. İlk dəfədir gəlirəm. Mənə çox maraqlı gəlirdi, ona görə burada olmaq çox gözəldir. Çox təhsilli, gözəl və özəl məmləkətlə qarşılaşdım. Hansı ki, bunu gözləmirdim. Çox gözəl qardaş imişik. Bugünədək bunu ilk dəfədir görürəm”, - deyə, Kubilay bildirib.

Aka FOX TV-də yayımlanacaq “Dokuz Oğuz” serialında da rol alacağını söyləyib.

Bu zaman müsahibəni Selin Şekerci pozur. Selinin “Niyə bu qədər çətin danışdın” sualına Kubilay “Səni görəndə özümü itirdim. Bu axşam yenə çox gözəlsən” sözləri ilə cavab verir.

Aktyor Selinə “Sənin üçün necə bir təcrübə idi” sualını verir. Şekerci “Səninlə və Selçuk Yöntemlə çalışdığım üçün çox xoşbəxtəm. Çox əyləncəli idi, inşallah sizə də bu hissi keçirə bilərik”, - deyə, tamaşaçılara bildirib.

K.Aka Bakıya yenidən gələcəyini də deyib:

“Bakıda çox az gəzdim. Amma başqa bir vaxt bir həftə gəlməyi düşünürəm. Çünki buranı gəzməyə iki-üç gün bəs eləmir”.

“Autizmli gənc bir qızı canlandırıram. Belə bir obraza hazırlanmaq mənim üçün çox əyləncəli idi. Çünki bir aktrisa kimi daha əvvəl belə rol oynamamışdım. Bu obraz aktrisaya necə nizam-intizam lazım olduğunu bir daha xatırladır”, deyə, Selin OLAY-a açıqlamasında söyləyib.