Müsahibə
Müsahibə

“Flora Kərimovanın babası soyadını qoruya bilməyib”

“Flora Kərimovanın babası soyadını qoruya bilməyib”

OLAY son zamanlar rəqsləriylə gündəmdən düşməyən, ötən il keçirdiyi əməliyyatla sevənlərini kədərləndirən, boşanma xəbərləriylə hər kəsi təəccübləndirən müğənni Nərmin Kərimbəyova ilə müsahibəni təqdim edir:

- Sənətinizlə bağlı hansı yeniliklər olacaq?

-Yeniliklər gəlməkdədir. Niyə hər şeyi öncədən danışmalıyam? Sirrlər qalsın. Gözəl işlər gözlənilir. Hazırda yeni mahnım hazırlanır. Ən əsas yenilik musiqidir. Səhnə adamıyam, çıxış önəmlidir. İfaçı üçün musiqi nömrə birdir ki, gözəl mahnılar olsun. Sən mahnılarınla yadda qalırsan, balaca da olsa, tarix yazırsan, mədəniyyətə bir töhfə verirsən. Mən mahnılarım üzərində bəzən bir, ya da iki il işləyirəm, çox zaman tələb edir. Getdikcə daha çox təcrübə qazandığım üçün tez bir zamanda istədiyim nəticəni əldə edirəm.

- Rəqsləriniz hər zaman diqqət çəkib. Amma sonuncu dəfə verilişlərin birindəki şounuz trend olub, sosial şəbəkələrdə paylaşılır. Təbii ki, birmənalı qarşılanmır. Bəyənənlər də var, mənfi rəy yazanlar da... Sizin münasibətiniz necə olur?

- Baxır, kimin şərhinə reaksiya... Peşəkar, yumor hissi olan insanlar gözəl təqdim edib, zarafata çevirə bilirlərsə, mənə xoşdur. Mən pozitiv, həyatı sevən insanam, bunu hər kəs bilir. Önəmlisi odur ki, bunu normal qəbul edə bilirəm. Tənqidi, zarafatı, yumoru normal qarşılayıram. Belə bir lətifə var. Roma Papası Vatikandan Parisə gedir, ondan soruşurlar ki, burada müəyyən yerlərə gedəcəksiz? O da deyir ki, Parisdə belə yerlər var? Səhəri gündə onun bu sözü qəzetlərdə başlıq olur.

Ümumi bir mövzudan hansısa bir məqam götürüləndə, ona fokuslananda görüntü və məna itir. Səhər verilişidir, ora uyğun geyinirsən və səndən öz nəğmələrinə uyğun rəqs istəyirlər. Sonra bunu kənardan başqa cür təqdim edəndə, səhifələr paylaşanda mənası dəyişir. Demirəm, etməsinlər. Etsinlər! Mən sənət insanıyam, yaradıcıyam, kompleksizəm. Komplekslərdən yaşa dolduqca azad oluram. Mənim öz kompleksilərim var. Çox istəyərdim ki, izləyicilərim daxili enerjimi əldə etsinlər, yüksək fikirlərə nail olaq. İnsan özünə qarşı zarafatla da yanaşmalıdır.

- Nələrə kompleksləriniz var?

- Çox şeyə. Özümə qarşı çox kompleksli olmuşam. İndi də eləyəm. Sadəcə bu komplekslərimi nümayiş etdirmirəm. Hamı da uşaqlıqdan söyləyir ki, necə komplekssiz insansız. Amma nə qədər kompleksim var, xəbərləri olmayıb, indi də yoxdur. Heç bilməsinlər də (gülür).

- 2022-də kimlərlə küsdüz, kimlərlə barışdız?

- Ötən il həyatımda bir çox mərhələlərdən keçdim. Ən əsası əməliyyat olundum. Onunla müqayisədə hər bir şey boşdur, mənasızdır. Kimlərinsə tənqidi sadəcə havadır. Çünki ölümlə rastlaşıb, həyatın mənasını dərk etmişəm. Məni kim nədəsə dayandırıb, susdura, istədiyi kimi idarə edə bilər? Heç kim! Mənə nəsə təsir göstərmir, gülməli gəlir. Səhnəyə yeni gəldiyim vaxtlarda hansısa tənqidlər toxunurdu, panikaya düşürdüm. Düşünürdüm ki, bu qədər mənfi rəy niyə olsun? Yaşa dolduqca öyrəşirsən, səhnə çox şeyə alışdırır. Həm də son illər ərzində qazandığım həyat təcrübəsi ömrümün sonuna qədər bəs edər. “Hater”larıma da öpücüklər göndərirəm. Röya xanım (Xalq artisti Röya Ayxan, – red.) demiş, mənim gözəllərim (gülür). Sizi sevirəm, mənim “hater”larım. Sizdən daha çox isə məni sevənləri sevirəm. Çünki onlar üçün varam və yaradıram. Əslində məni sevməyənlər isə mənim izləyicilərimdir. Onlar özləri də bilmir ki, məni sevirlər.

- Əməliyyatdan söz açdız. Sizə də, qardaşınıza da şəfa diləyirik. İndi necəsiz?

- Hər şey yaxşıdır. İki aydır hər şey qaydasındadır, problem yoxdur. Bərpa müddəti bir az çox çəkdi. Həyatdır da. Qardaşım da yaxşıdır. Onun əməliyyatı daha böyük idi, mütəmadi olaraq müalicə almalı, özünə diqqət etməlidir. Əməliyyatdan sonrakı 1-2 il bir az çətin dövrdür. Əvvəldən bizə deyilib ki, nələr, hansı fəsadlar ola bilər. Sadəcə idarə etmək lazımdır. Allah kərimdir, hər şey yaxşı olacaq.

- Qayıdaq şou-biznesə... Samir Bağırovla bir küsülülüyünüz var idi.

- Qətiyyən. Heç onun da mənimlə küsülülüyü yox idi.

- Bəs yayılan xəbərlər yalan idi?

- Yalan deyildi. Başqa səbəblər var idi. Nəsə narazılıqlar oldu. Onun da mənə aidiyyatı yoxdur. Samir Bağırov mənim uşaqlıqdan sevdiyim artistdir, ona və sənətinə hörmətim, sevgim var. Olmasa, ona duet təklif etməzdim. Duet mahnımız disko tərzində idi. Gərək davamını gətirərdi, doğru formada təqdim edərdik. Daxili narazılıqlar idaretməmizdə, işlədiyimiz insanlar arasında oldu. Müəyyən anlaşılmazlıqlar var idi. Mən də bu narazılığın səbəbini sona qədər anlamıram, bilmirəm. Fakt odur ki, Samirlə bir soyuqluq yarandı. O da şəxsi münasibətlərimizdə deyil, onun mahnıya qarşı münasibəti dəyişdi. İstəmədi piyarı ilə məşğul olsun.

- Amma tamam başqa iddialar var idi ki, Samir bəy sponsorlardan yalnız ona maddi dəstək olmalarını istəyib. Siz də bundan narazı qalmısız.

-Şəxsən narazı qaldığım belə bir məqam yoxdur. İnformasiya bir neçə nəfərdən keçəndə həqiqət itir. Həqiqət danışıqlarda itdi. Yəqin ki, mən birbaşa işimi Samirlə görməli idim ki, aramızda suallar yaranmasın. Tam problem nədir bilmirəm. Sizin kimi nələrsə eşitmişəm, başqa şeylər də qulağıma gəlib. Heç araşdırmaq niyyətində deyiləm, çünki bu layihə idi, keçdi. Ona hörmətim olduğu kimi qalıb, küsülülüyümüz yoxdur. Ondan da soruşsaz, belə deyər. Dəfələrlə müsahibə verib, haqqımda pis bir şey söyləməyib. Çünki məndən yaxşılıqdan başqa heç nə görməyib. Ancaq hörmətlə yanaşmışam, indi də elədir. Ola bilər ki, yaradıcılığımda super bir layihə kimi qalmadı. Digər solo işlərimə, yaxud da Cinlə (Ceyhun Zeynalov) “Atəş” duetimizlə müqayisə edəndə... O başqa bir məsələdir, mühüm işdir. Onların uğuru bu layihədə olmadı.

- Roza Zərgərlinin verilişində qonaq olmağınız marağa səbəb oldu. Çünki o, bir neçə il öncə sizinlə bağlı qalmaqallı açıqlama vermişdi, sizi sevmədiyini söyləmişdi. Proqramına qonaq kimi dəvət etməyini necə qarşıladız?

- Özünə də dedim ki, öncə təəccübləndim. Hansısa bir verilişdə açıqlama verirdi, haqqımda qeyri-adi ifadələr səsləndirdi. Bunlara reaksiya vermədim, bir sənət insanı olduğum üçün gözlənilməz hallara da hazıram. Bu da gözlənilməz oldu, çünki mənim üçün səbəbsiz idi. Sonra Roza xanım başqa bir verilişdə dedi ki, zarafat edirdim. Nərmin də ağıllı qızdır, düzgün qəbul elədi. Ona görə bunda bir problem görməmişəm. Həmin açıqlamasına təəccübləndim, sonra izahını izlədi. Bir dəfə də eyni verilişə dəvət olunmuşduq. Məşğul olduğumuz üçün gedə bilməmişdik. Sonra dedim ki, həmin insanı küsdürməyim, məni görmək istəyirsə, niyə də getməyim? Qəbul etdim, proqramda qonaq oldum, çox da maraqlı keçdi. Roza xanımla da bir problemimiz yoxdur, olmayıb, olmayacaq da.

- Sizin Xalq artisti Flora Kərimova ilə qohum olduğunuz məlum oldu. Amma bunu çox dilə gətirməmişdiz...

- Ümumiyyətlə qohumlarım haqda danışmağa meyilli deyiləm. Biz Flora xanımla bir az uzaq qohumuq. Eyni kökdənik. O da əvvəl Kərimbəyova olub. Sovet dövründə səhv etmirəmsə, babası həmin soyadı qoruya bilməyib. Çünki həmin dövrdə bəy nəslindən olanları öldürürdülər. Bizim babamız necə olubsa, bir möcüzə olub, qoruyub saxlaya bilib. Flora xanımla elə də yaxın olmamışıq ki, bu haqda ətraflı danışım. Qohum olduğumuzu bir neçə dəfə fəxrlə vurğulamışam. O, bizim estradamızın ən gözəl səslərindən biri, korifey insan, bir məktəbdir. Onun səsində bir drammaturgiya var. Bu, hər kəs tərəfindən qəbul olunmuş faktdır. Demişəm, amma əlimdə bayraq etməmişəm.  Ümumiyyətlə həyatda özümə güvənmişəm, kiminsə adını çəkim ki, bu adamın qohumuyam, mənə kömək edin. Allah şahiddir. Bir adam desin ki, nəyisə istifadə edərək nəyəsə nail olmuşam. Öz səsim, işgüzarlığım, mədəniyyətim, ağlım və enerjimlə bu gün tutduğum yerdəyəm. Bundan da yüksəklərdə olmalıyam. Onu da zaman gətirəcək.

- Boşandığınızı açıqladınız. Təxminən nə vaxt ayrıldınız?

- Əslində açıqlamadım. Mənə sual verildi ki, şəxsi həyatınızda necədir. Mən də söylədim ki, bu haqda danışmaq istəmirəm. Yenə də danışmaq istəmirəm. Şəxsi elə qalsa, yaxşıdır. Necə ki, heç bir qohumumumdan bayraq edib istifadə etməmişəm. Eləcə də statusumdan istifadə etmək istəmərəm. Sənət üçün səhnəyə gəlmişəm, istəyirəm insanlar sənətimə maraqla yanaşsınlar. Kimisi sevir, kimisi yox. Şokolad deyilik ki, hamının xoşuna gələk. Zaman keçdikcə, insanlar daha çox yaradıcılığımı bəyənib qiymət verirlər. Bu da mənə bəlli olan məsələdir.

- Ayaz Babayevin klipini tənqid etmişdiz ki, süjetlidir. Başqa hansı ifaçıların kliplərini bəyənmirsiz?

- Çalışıram, çox kliplərə baxmayım. İndi klip adlanan çəkilişlərdir. Bəsit melodiyalara bəsit hərəkətlər edirlər, çox adam bir-birini təkrarlayır. Çalışıram ki, çox baxmayım. Çünki əsəbiləşirəm, yeni nəsə etmək olmaz? Demirəm ki, böyük vəsait qoyaq. Elə tələbkar izləyici deyiləm, çünki şou-biznesin reallığını anlayıram, bu sahədəyəm. İfaçı üçün o qədər xərc var ki... Bunun gəlir tərəfini görürlər, xərcləri yox.  Demərəm ki, bahalı kliplər çəkilməlidir. Keyfiyyətli işləri az büdcə ilə də edə bilərlər.

Ayazın da şəxsiyyəti mənə maraqlı olduğu üçün şərh verdim. Onun klipini də izləyirəm. Ümumi fikrimi öz işlərimə istinadən dedim ki, süjetli kliplər çox baxış toplamır, daha çox tənqid olunur, yalnız yaşlı nəsil bu işləri dəyərləndirir. Gənc nəsil isə ümumiyyətlə izləmir. Çünki gənclər TikTok-dakı qısa, dəyişən kadrlar görmək istəyir.  Ona görə də süjetli kliplər maraq dairəsindən çıxıblar. Əsas yaxşı çəkilişdir. Ən əsası isə gözəl mahnı və musiqidir. O da nadir bir şeydir.

Fotolar - video: Hüseyn Həsənov