Adanada 34 yaşlı Sergen Altunbaş intihar edib.

OLAY yazır ki, S. Altunbaş mübahisə etdiyi həyat yoldaşının evi tərk etməsindən sonra tapança ilə 6 və 8 yaşlı uşaqlarını öldürüb, daha sonra özünü vurub.

Hadisə dünən axşam saatlarında Sarıçam rayonuna bağlı Boynuyoğun məhəlləsində baş verib. Həyat yoldaşı ilə mübahisə etdikdən və onun evi tərk etməsindən bir müddət sonra Sergen Altunbaş uşaqlarına tapança ilə atəş açıb. Uşaqlarını vurduqdan sonra silahı başına dirəyərək özünü güllələyib.

Silah səslərini eşidən qonşuların xəbər verməsindən sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları göndərilib. Evə daxil olan əməkdaşlar ata və iki uşağın həyatını itirdiyini müəyyən ediblər. Altunbaş və uşaqlarının cəsədləri hadisə yerində aparılan baxışdan sonra Adana Məhkəmə-Tibb Qurumunun morquna aparılıb.

Altunbaşın sosial media fenomeni olduğu, həyat yoldaşı ilə birlikdə məzmunlar hazırladığı öyrənilib.

Məlumata görə, bir dövr ailəsi ilə birlikdə Amerikaya köçən Altunbaş həyat yoldaşı ilə YouTube və Instaqram üzərindən açdıqları kanallarda “ABŞ-dən necə viza almaq olar?” mövzusunda videolar hazırlayırmış.