Video
Video

Kolin Farrell oğlunun nadir xəstəliyindən danışdı

Kolin Farrell oğlunun nadir xəstəliyindən danışdı

Dünya şöhrətli aktyor Kolin Farrell uzun zamandan sonra 20 yaşlı oğlu Ceymsin xəstəliyindən söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi “People” nəşrinə müsahibəsində danışıb.

Kolin bildirib ki, övladı inkişaf pozğunluğu, nitq ləngiməsi və əqli gerilik ilə xarakterizə olunan “Angelman” sindromundan əziyyət çəkir:

“Əvvəlcə onun çox sakit uşaq olduğunu düşündüm. Lakin sonradan bir çox cəhətdən geri qalmağa başladı. Oturmadı, sürünmədi. Nəyinsə səhv olduğunu anladıq. Ceyms iki yaşında olanda ona bu diaqnoz qoyuldu”.

Aktyorun sözlərinə görə, həkimlər məyusedici proqnozlar veriblər. Onlar oğlunun heç vaxt yeriyə bilməyəcəyi barədə xəbərdarlıq ediblər. Lakin bu qorxular gerçəkləşmədi: dördüncü doğum gününə qədər oğlan yeriməyə başlayıb.

Farrell qeyd edir ki, oğlunun ilk addımlarını heç vaxt unutmayacaq:

“Mən bilirdim ki, həkimlər oğlumun nitq və yerimək üzərində işləyirlər. Peşə terapevti yanıma gəldi və dedi: “Ceyms sizə bir şey göstərmək istəyir. O, mənə harada dayanmalı olduğumu göstərdi və sonra onu götürüb ayağa qaldırdı və dedi: “Get”. O, altı addım atdı və mən ağlamağa başladım”.

Aktyor qeyd edib ki, oğlu hər kəsə tanış olan gündəlik işləri yerinə yetirmək üçün çox səy göstərməlidir, məsələn, təkbaşına yemək yeməyi. 

“Mən hər gün onunla fəxr edirəm, onun sadəcə sehrli bir uşaq olduğunu düşünürəm”, - deyə Farrel bildirib.

Aktyorun sözlərinə görə, oğluna və ya Ceymsin anasına bir şey olsa, onun başına nə gələcəyindən çox narahatdır:

 “Mənim üstünlüyüm kino karyeramın olmasıdır. Ancaq yenə də çətinliklərlə üzləşirik - Ceymsə dəstək tapmalıyıq. Gələcəkdə onun həyatının necə olacağını düşünürük. Mənim ən böyük qorxum odur ki, əgər anasına və ya mənə nəsə olarsa və Ceymsin 30-40 yaşı olacaq, o, xüsusi bir müəssisəyə getməli olacaq”.

Aktyor əlavə edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqları olan ailələrə kömək edəcək fond yaradıb.

Qeyd edək ki, Ceymsdən başqa Farrelin 2009-cu ildə doğulan Henri adlı oğlu da var. Anası polşalı aktrisa Alikya Baxledadır, aktyor 2010-cu ildə oğlunun doğulmasından bir il sonra ayrılıb.