“Nə deyim? Bizə də söz vermişdi, sözünə əməl etmədi. Səsi yox idi, ancaq yazırdı. O da son bir həftə yaza bilmirdi. Böyük bacım yanında qalırdı. Onun vasitəsilə şəkil, video atırdı, görüntüdə əl işarələri ilə başa salırdı. Səsi batandan sonra yazışdıq, son günlərdə isə əlində taqət qalmamışdı. Yaşamaq istəyirdi”.
Bu sözləri OLAY-a açıqlamasında ötən gün vəfat edən Əməkdar artist Tünzalə Əliyevanın bacısı Zülfiyyə xanım deyib. O bildirib ki, hələ də mərhumun qızına həqiqəti deyə bilmirlər:
“Söz vermişdi ki, yaşamalıdır. Həyat eşqi ilə dolu idi. Qızına hələ də deməmişik, gözünün içinə baxa bilməmişik. Soruşur ki, xala nə sürpriz var, hamınız gəlmisiz. Çox çətindir. İnsanların yaddaşında yaxşı qalacaq. Onun filmlərini, seriallarını izləyəndə insanları güldürəcək. Bir təsəllimiz budur. Dünən səhər saatlarında, 11 radələrində dünyasını dəyişib. Bacımla həyat yoldaşı xəstəxanaya gedib, orada deyiblər ki, artıq ürəyi dayanıb. Biz də xəbəri tutub Gəncədən gəldik. Son sözünü demədi, görüşə bilmədik, elə vidalaşdı. Vəziyyəti ağır olanda da reanimasiyaya yerləşdiriblər, bacımgilə də deyiblər ki, burada qalmayın”.