19 il sonra birdəfəlik Azərbaycana qayıdan Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Kiprdə yaşadığı müddət ərzində başına gələnlərdən danışıb.
OLAY yazır ki, bəstəkar bu barədə “Şənbə axşamı” verilişinə qonaq olarkən söz açıb.
O, ilk baxışdan Kipri Kürdəmirə bənzətdiyini bildirib:
“Kipri hər kəs cənnət kimi təsəvvür edir. Mən də elə düşünürdüm. Kiprə gələndə hava limanında qarşıladılar. Maşına mindik və yataqxanaya gedirdik. Pəncərədən saga-sola baxıram ki, otlar yanıb, sap-sarıdır. Dedim, bura Kürdəmirdir ki... Mənə tanış mənzərə gəldi. Amma dənizkənarı əraziləri yaşıldır. İki il universitetin içindəki 1 otaqlı qonaq evində yaşadım. Özümə sual verirdim ki, insan illərlə bir otaqda harada yaşayır? Həbsxanada, dörd divar və illər... Düzdür, çölə çıxmaq olur, işə gedib evə gəlirsən. Heç kimi tanımırsan, qapanıb orada qalmısan. Özüm-özümə dedim ki, 2 il burada yaşadımsa, mənə heç nə olmadısa, deməli, həbsxanada da otura bilərəm. Buna bənzər bir şey idi. Təbii ki, sonradan yaşayış yerimi dəyişdim”.