“Şənbə axşamı” verilişinin növbəti qonağı reper Orxan Zeynallı olub.
OLAY yazır ki, ifaçı 2019-cu ildə ekranlaşdırdığı məşhur “40-cı paralel” adlı mahnının yaranma tarixi barədə danışıb:
“2017-ci ildə musiqini əldə etdikdən sonra nəqarətini yazdım. Və belə bir ideya ağlıma gəldi ki, xaricdə yaşayan azərbaycanlıların videoları olsun klipdə. Başladım axtarmağa, insanlara müraciət etməyə. Videolar gec-gec yığılırdı, mən də Amerikaya təzə gəlmişdim, başım qarışıq idi, mahnı yarımçıq qalmışdı, hardasa iki il.
Sonra 2019-cu ildə futbola baxırdım, mart ayı idi və artıq bir neçə il idi ki, heç bir mahnı təqdim etmirdim. Mənim sevdiyim komanda “Mançester Yunayted”dir və çox çətin bir oyuna çıxmışdı, hansı ki, udmaq şansı heç yox idi. İnstaqramda “story” qoydum ki, “Mançester” udsa, bir həftə sonra yeni mahnı paylaşıram. Elə-belə yazdım. Sağolsunlar, “Mançester” uddu. İzləyicilərim bunu bilir, real hekayədir. Dərhal başladım videolar toplamağa”.
Xatırladaq ki, O. Zeynallının 20-21 noyabrda “Elektra Events Hall”da “40-cı paralel” adlı konsert proqramı baş tutacaq. Reperin bütün biletləri ilk gün 20 saat ərzində satılaraq Azərbaycan tarixində rekord qırıb.