“Çox adam deyir ki, həyatda tamam fərqlisən, sanki kliplərdəki sən deyilsən. Mən sənətçini səhnədə belə görürəm. Səhnənin enerjisini duyuram, musiqini yaşayıram, ritmə uyğunlaşıram”.
OLAY yazır ki, bu sözləri “Özəl” proqramında qonaq olarkən müğənni Səmra Rəhimli söyləyib. Sənətçi onu açıq-saçıq geyimlərinə görə, qınayanlardan da danışıb:
“Hamı görünüşdə müasirləşib, düşüncədə yox. Stilləri müasir olsa da, düşüncə tərzləri fərqlidir. Məhz bunun üçün insanları geyim tərzinə görə, qruplaşdırırlar. İfaçının açıq-saçıq geyinməsi onun tərbiyəsindən xəbər vermir. Məsələn, hər kostyum geyinənə, ciddi göründüyü üçün güvənirlər. Amma xarakter və tərbiyə tamam fərqli anlayışlardır.
Səhnədə özümdən zövq alıram. Bəzən öz kliplərimi saatlarla izləyirəm. Klipin hazırlıq işlərini sevirəm, həvəslənirəm. Düzdür, hər işi dinləyiciyə təqdim edirik, onların qiymət verməsi də önəmlidir. Lakin əsas özümü bəyənməyimdir. Başqalarının istəyinə uyğun geyinsən, sevənin çox olar. Çünki insan qısqanmadığı birini bəyənir. O zaman mən özümü yaxşı hiss etməyəcəm. Hər kəs fərqli düşüncəyə malikdir. Biri adını, digəri geyimini, bir başqası isə düşüncəni bəyənmir. Hamını məmnun etmək mümkün deyil”.