Meyxanaçı Ələkbər Yasamallı bibisi oğlunu qətlə yetirən həmkarı Rəşad Dağlıdan danışıb.
OLAY yazır ki, bu barədə o, “Qapqara” layihəsində açıqlama verib. Ələkbər deyib ki, hadisəni anasından və yaxınlarından öyrənib:
“Hadisə baş verəndə mən Almaniyada idim. Birinci Rasim zəng etdi, sonra anam. Rasim “Rəşad İskəndəri vurub” deyəndə elə bildim ki, bacım oğlu Rəşadı deyir. Sözsüz hər iki halda da mənə zərbədir, amma bacım oğlunun 19 yaşı var, bibim oğlunu öldürməyi... Soruşdum ki, anam bilir? Dedi, Rəşadın qardaşı Ağa zəng etmişdi. Onda bildim ki, Dağlı Rəşadı deyir. Sonra soruşdum ki, indi xəstəxanadadır? Dedi ki, ölüb... Uzaqda idim, özümü Rəşad üçün pis hazırlamışdım ki, Bakıya gələndə sözümü deyəcəm. Anam zəng etdi, dedi ki, 40-ı çıxana qədər danışma, yoxsa sənə südümü halal etmərəm. Ona görə 40 gün heç nə danışmadım, açıqlama vermədim. Anam mənə səbrli olmağı öyrətdi. Həm də Bakıya gələndə hadisələri gördüm, başa düşdüm ki, ikisi də bədbəxtdir. Bəlkə də həbsxanada olsam, Rəşadla danışardım, amma dustaq adam haqda necə danışım? Allah həbsxanada olan hər kəsin qapısını açsın. Zindan kişi üçündür. Allah onların balalarına səbr versin. Rəşada da Allah azadlığı duymağı nəsib etsin. Allah şahiddir, həmişə demişəm, Rəşad üçün o qədər də narahat deyiləm. Onun balaları, o həsrət üçün narahatam. Rəşad kişidir, sabah bilmirik başımıza nə gələcək”.