Artıq bir neçə gündür ki, Xatirə İslam, Natavan Həbibi və Elşad Xose kimi ifaçıların efirlərə çıxma qarşılığında qonorar istəməsi müzakirə olunur. Sənətçiləri dəstəkləyənlər də var, tənqid edənlər də... Mövzu ətrafında qalmaqal isə getdikcə böyüməkdədir.
Bəs indiki vəziyyətdə televiziyalar qonaqlara qonorar ödəyə bilərmi?
Məsələ ilə bağlı OLAY-a danışan Əməkdar jurnalist, media üzrə ekspert Qulu Məhərrəmli deyib ki, əslində televiziyalar dəvət etdiyi qonaqlara, xüsusilə də mütəxəssislərə qonorar ödəməlidir:
“Bu tarixən belə olub. Sadəcə müstəqillik dövründə televiziyaların imkanları, cəmiyyətədki sosial-psixoloji ab-hava, iqtisadi durum buna imkan vermədi. Elə məqamlar var ki, televiziya mütləq pul ödəməlidir. Məsələn, görkəmli bəstəkarlarımızın əsərləri səslənirsə, ödəniş etməlidirlər. Yaxud da vaxtilə lentə alınmış filmlərimiz yayımlanırsa, rejissorlara, aktyorlara müəllif hüquqları haqda qanuna görə, qonorar ödənilməlidir. Verilişlərə müxtəlif sahələrdən adamlar, ekspertlər cəlb olunur. Onlar da qonorar almalıdırlar.
Amma Azərbaycan reallığında bunlar mümkün deyil. Gələcəkdə normal iqtisadi mühit, gözəl ab-hava, müəllif hüquqları ilə bağlı normal sistem yaranarsa, televiziyalarda varlıq olarsa, qonorar ödəmək mümkündür. İndiki şəraitdə bu reallıqla barışmalıyıq. İndi xüsusilə də orta səviyyəli sənət adamları var ki, televiziyaya çıxmaq üçün özləri pul ödəyirlər. Yaxud da kliplərinin yayımlanması üçün ödəniş edirlər. Bu da bir hüquq bazasında olanda normaldır. Çünki kommersiya televiziyalarının gəlir mənbələrindən biri də budur. Varlı televiziyalar olanda onlar qonorar ödəyirlər. Vaxtilə Yaponiyanın bir televiziyası Barış Mançonu aparıcı kimi dəvət edəndə, onunla xüsusi müqavilə bağlamışdı, yapon dili öyrənməsi üçün müəllim tutmuşdu və sair. Çünki televiziya özü bunun marağında idi. İndi televiziyaların belə istəyi olmur. Çox məhdud sayda aparıcılar var ki, onları dəvət edib, müqavilə bağlayırlar ki, qonorar ödəsinlər. Yenə də deyirəm ki, qonorarın verilməsi pis olmazdı”.