Xalq artisti Həmidə Ömərova ulu öndər Heydər Əliyev ilə xatirəsini danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində söz açıb. Aktrisa “Nizami” filminə onu ümummilli liderin seçdiyini deyib.
“Mənim heç vaxt yadımdan çıxmaz. Rəhmətlik kinorejissor Eldar Quliyevin rejissorluğu ilə “Nizami” filmi artıq çəkilirdi. Artıq 20 dəqiqəsi çəkilmişdi. Ulu öndərimiz maraqlandı ki, o filmi gətirin, göstərin mənə, görüm nədir, nə deyil. Dedilər, film hələ hazır deyil, 20 dəqiqəsini göstərə bilərik. O, baxdı və Afaq rolunda bir xanımı görüb dedi ki, bu aktrisa kimdir. Dedilər ki, Tamara Yandiyeva. Dedi, azərbaycanlıdır? Dedilər çeçen-inquşdur. Fikrə getdi. Dedi Azərbaycanda aktrisa yoxdur? Deməli, bir söz kifayət idi ki, kinostudiyada vəlvələ düşdü. Axtarışa başladılar.
Mən də dublyajdan təzə çıxmışdım. Filmin 2-ci rejissoru Akif Rüstəmov məni saxladı, dedi bir dəqiqə düş aşağı fotosexə, sənin şəklini çəkmək lazımdır. Deməli, bir neçə aktrisanın şəkillərini gətirib ulu öndərə göstəriblər. Baxıb, mənim şəklimin üstündə dayanıb. Deyib ki, bu azərbaycanlıdır? Adı nədir? Deyiblər bəli, Həmidə Ömərovadır. Deyib ki, çəkin bunu. Həmişə mədəniyyət xadimləri ilə görüşürdü. Biz də getdik, onların arasında ən gənc mən idim. Tək-tək yaxınlaşıb hamı ilə sağollaşırdı. Mən də təəccüblə baxırdım. Yanımda da Həsən Həsənov dayanıb. Ulu öndərimiz soruşdu ki, bu kimdir? Dedi ki, Afaq. Mənə dedi ki, Afaq, bura gəl. Dedim mən Həmidəyəm. Dedi, sən Həmidə deyilsən, Afaqsan, mən səni təsdiq etmişəm”, - deyə, o, söyləyib.