Xalq artisti Afaq Bəşirqızı həyat yoldaşı Əhməd Təhməzovla necə tanış olmağından danışıb.
OLAY yazır ki, aktrisa bu haqda “Zarafat bir yana” verilişində söz açıb.
“Mənim ən çətin günlərim idi, bu yandan da qərar çıxdı ki, tanınmış adamların uşaqları mərkəzdə işləməməlidirlər. Mən də İncəsənət Universitetində oxuyurdum, getdim girdim Sumqayıt teatrına. Teatrımızla üzbəüz “qarkom” idi. 4-5 aktyor orada yemək yeyirdik. Həmin gün də Superfosfat zavodunun komsomolunun yığıncağı idi. Əhməd müəllim də komsomolun katibi idi. Çörəyimi yeyib çıxanda mənə belə gəldi ki, mənə söz atdı. Orada qırğın başladı. Mən də 60 manata çanta almışdım, 3 dəfəyə götürmüşdüm. Çantanı vurmaq üçün fırlatdım, göydə tutdu, cırdı. Polisə verdim. 43 ildir sübut edə bilmirəm ki, sən mənə söz atdın. Deyir, mən sənə söz atmamışam. Getdim verdim polisə, sonra da yadımdan çıxıb. Biz evləndik, səhəri günü gəlib kişini apardılar. Yadımdan çıxıb ərizəni geri götürməmişəm”, - deyə, o, bildirib.