“Dərviş band” qrupunun ifası ilə trend olan “Dünya sənin, dünya mənim”in ilk ifaçısı Xalq artisti Niyaməddin Musayev mahnının tarixçəsindən danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Zaurla Günaydın” proqramına qonaq olarkən açıqlama verib:
“1986-cı ildə, Gəncədə solo konsertlərimdən birində gülün içində bıçağı gizlətmişdilər. Səhnədə gülü mənə verəndə cinayətkar məni bir neçə dəfə bıçaqladı. Sonra mən mikrofonu bunun başına vurdum. Həmin şəxs Gəncə dövlət Filarmoniyasının pəncərəsini sındırıb qaçdı. Gördüm məni qan aparır, vəziyyətim yaxşı deyil. Belə getsə çətin olacaq məsələ... Aləm qarışdı bir-birinə.
Çıxdım çölə və gördüm bir maşın dayanıb, ondan xahiş etdim ki, məni təcili xəstəxanaya çatdırsın. Xəstəxanaya çatana qədər çox qan itirmişdim. Kimisə əməliyyat edəcəkdilər, onun yerinə məni əməliyyat otağına apardılar. Bunları xatırlamıram, çünki həmin an huşumu itirmişdim. Qaraciyər tərəfimdən bıçaqlanmışdım. Əməliyyatdan sonra 14 gün xəstəxanada qaldım, məni görmək üçün ora insanlar axın edirdi. Məni Bakıya helikopterlə gətirdilər. Aylarla müalicə aldım.
Maarifə xanım bir gün bir qazan yemək və bir də kitab gətirdi ki, Niyammədin, vaxtın olanda bunu oxuyarsan və buna bir mahnı yazarsan. Vərəqlədim kitabı… Məmməd Arazın “Dünya sənin, dünya mənim” kitabı idi. Şeiri oxudum, inanın, çox təsirləndim. Sanki dünya başıma fırlandı. Dedim ki, balalarım körpədir, dünyamı dəyişsəm, onları kim saxlayacaq. O mahnını elə o təsir altında da stolun üstündə ifa etməyə başladım və mahnı belə yazıldı”.
Samirə Sərkər