Xalq artisti Rasim Balayev yenidən televiziyaları tənqid edib.
OLAY yazır ki, sənətçi efirdə yayımlanan sosial proqramlardan şikayətçi olub.
O bu barədə yutubda yayımlanan “Mirinin dibçəyi” şousunda danışıb:
“Televiziya düşüb boş-boş şoular, filankəsin donu, uşağı belə getdi. Çox səviyyəsiz şeyləri ortaya qoyurlar. Ona görə də baxılmır. Kütlə baxır. Ağlı üstündə olan adam baxmır. Son illər düşünürəm ki, insanların zövqünü korlayıblar. Qeybət, səviyyəsiz söhbətlər. Elə şeylər var ki, onu efirə çıxarmaq olmaz. Məhkəməlik şeyləri efirə çıxarırlar. O məhkəmədə olmalıdır. Bir haramzadə oğlan anasını evdən qovub. Cavan uşaq baxır, fikirləşir ki, ananı qovmaq olar. Adamları pozur. Arvadının sözünə inanıb, anasını evdən qovub. Bunu bütün insanlara göstərməklə nə demək istəyirsiniz? Bunlar qapalı məhkəmədə olmalıdır. Mən birini dedim. O qədər biabırçı hadisələr çıxarırlar ki, tamaşaçının zövqü korlanıb. Ciddi, adamı düşündürən söhbətə qulaq asmırlar. İstədiklərinə nail olublar, artıq zövqlər korlanıb. Ancaq yaxşı verilişlərlə, peşəkarlıqla bunu dəyişmək olar. Televiziya olub “proxodnoy dvor”, kim istəyir çıxır. Həmişə nümunəvi adamları çıxarırdılar ki, insanlar ibrət götürsün. Bu gün o yoxdur. Şübhəli adamlar çıxır – bilmirsən ki, qadındır, kişidir. Elə qadınlar çıxır ki, əxlaqdan dərs deyir, deyirsən ki, bunun heç özünün əxlaqı yoxdur. Bu, mənə nə deyir?! Dəhşətlisi odur ki, bəziləri o adamı tanımır, amma mən tanıyıram. Riyakarlar, yalançılar 1-2 görkəmli adamdan sitat gətirir, deyirsən ki, bu oxuyan adamdır. Əslində, onun beynində heç nə yoxdur. Gündəmdə qalmaq üçün bu televiziyadan çıxıb ona gedir, ondan çıxıb buna gedir. Azərbaycan televiziyası bədbəxt vəziyyətdədir”.