Azərbaycan telekanallarının və platforma yayımçılarının yutub baxışları üzrə 2023-cü il I rüb üçün reytinq cədvəli haqqında araşdırma yazı təqdim edilib.
OLAY yazır ki, “Facemark”da təqdim edilmiş statistikaya əsasən 2023-ci ilin ilk rübündə telekanalların yutub kanalları toplamda 366 milyondan çox izlənib. Ötən illə müqayisədə reytinq cədvəlində bir sıra yenilikləri müşahidə edirik.
Ötən ilin ən çox izlənən yutub kanalı Xəzər TV-yə aid olsa da, yüksələn xətlə inkişaf edən İTV 93.4 milyon baxışla 2023-cü ilin birinci rübünün birincisi olmağı bacarıb. Aylar üzrə reytinq cədvəlinə nəzər yetirsək, telekanal fevral istisna olmaqla rüb üzrə birinci yerdə qərarlaşıb. Belə ki, iki yutub kanalına malik İTV yanvarda 35,5, fevralda 36,1, martda isə 21,6 milyon izlənib.
Reytinq cədvəlinin ikincisi 77,3 milyondan çox izlənən son zamanlar daha da aktivləşən ARB TV-dir. Hazırda telekanalın 5 yutub kanalı olsada, son 3 ayda toplam baxışın 36.3 milyonu yəni 46.9 faizi “ARB music” kanalı vasitəsilə əldə edilib.
Qeyd edək ki, fevralda “ARB MUSİC” kanalının 26 milyondan çox izlənməsi həmin ay üzrə telekanalı reytinq cədvəlinin birincisi edib.
Ötən illə müqayisədə 2 pillə geriləyən Xəzər TV rüblük reytinq cədvəlində 3-cü yerdə qərarlaşıb. Ənənəvi olaraq telekanalın ən çox izlənən yutub kanalı “Komedixana”dır. Belə ki, rüb ərzində toplam 5 yutub kanalı ilə 54,7 milyon izlənən telekanalın 19,4 milyon yəni 35,4 faiz baxışı “Komedixana” adlı yutub kanalı sayəsində formalaşıb. XƏZƏR TV-nin hazırda ən çox geriləyən yutub kanalının 3,3 milyon baxışla “Xəzər music“ olduğunu deyə bilərik.
Siyasi gündəmin aktivliyindən birbaşa asılı olan xəbər kanallarında qisməndə olsa geriləmə müşahidə edirik.
Son aylarda ölkənin və dünyanın siyasi gündəmində yüksək aktivlik müşahidə edilməyindən, xəbər kontent istehsalçısı “ARB 24” TV ötən illə müqayisədə 2023-cü ilin ilk rübündə bir qədər geriləyərək 47,7 milyon baxışla reytinq cədvəlinin dördüncü yerində qərarlaşıb.
Son illərdə ölkəmizdə telekanallar yutub kanallarının baxışlarını artırmaq üçün kanalın daxilində SEO optimizasiyası etmək ilə yanaşı müxtəlif adda teleqram kanallarından və “google search” reklamlarından aktiv istifadə edir. Sirr deyil ki, aylar üzrə yutub baxış saylarının dəyişkən olma səbəblərindən biri də məhz budur.
Reytinq cədvəlini beşincisi 40.9 milyon baxışla ATV telekanalıdır. Ötən illə müqayisədə bir qədər geriləyən telekanalın ən yüksək baxış topladığı yutub kanalı “ATV SHOW”, ən az isə “ATV NEWS”dur. Telekanalın geriləməsində əsas rol oynayan “ATV music” kanalının ötən illərlə müqayisədə daha az izləndiyini müşahidə edirik. 1,42 milyon abunəçisi olan “ATV music” kanalı rüb ərzində cəmi 4,2 milyon izlənib.
2022-ci ildə toplam 59,1 milyon izlənən AZTV, cari ilin ilk rübündə 22,6 milyon baxışla reytinq cədvəlinin altıncısı ola bilib. I rüb üçün qənaətbəxş göstərici nümayiş etdirən telekanal növbəti rüblərdə də izlənmə dinamikasını yüksək saxlaya bilərsə, ötənilki baxış göstəricilərini rahatlıqla üstələyə biləcəyini proqnozlaşdırmaq olar.
Rus dilində kontent istehsalçılarından olan “CBC Azərbaycan”ın izlənmə dinamikası ötən il ilə müqayisədə kəskin fərq olmadığını deyə bilərik. Belə ki, ötən il toplam 71,9 milyon izlənən kanal, 2023-cü ilin ilk rübündə 20,7 milyon baxışla cədvəlin yeddincisi ola bilib.
Cədvəlin son dördlüyünü təşkil edən CBC SPORT, MTV, REAL TV, SPACE TV-nin ötən illə müqayisədə gerilədiyini müşahidə edirik.
Ötən ilin noyabrda platforma yayımçısı statusu almış BAKU TV, APA TV və SƏHİYYƏ TV-nin yutub baxışlarına nəzər yetirdikdə yüksək artım olduğunu müşahidə edirik.
“BAKU TV” 110 milyona yaxın rekord baxışla rəqib platforma yayımçılarını üstələməklə yanaşı telekanallar arasında ən çox izlənən “İctimai” TV-ni də 16,5 milyon qabaqlaya bilib.
Xatırladaq ki, İTV 2023-cü il I rüb üzrə 93,4 milyon “Baku TV” isə 109,9 milyon izlənib.
Televiziyaların Yutub kanallarında geriləmələr kontent siyasətinin dəyişməsi, zəif SEO optimizasiyası, copyrightla bağlı şikayətlər (strike) və s. başqa səbəblər ola bilər
Televiziya mövsümünün bitməsinə ortalama 3 ay qaldığını nəzərə alsaq, kanalların ötənilki göstəriciləri üstələmək üçün yaxşı imkanının olmasını deyə bilərik.